2
Yorum
2
Beğeni
5,0
Puan
1598
Okunma
Hardasan cavanlığım?
Dağ qocalır, daş qocalır,
Ürəkdə dərd, yaş qocalır,
Bel bükülür, baş ucalır,
Uçub getdin cavanlığım.
Qayğıdan qalan nişanə
Dümağ saçlar şanə-şanə,
O da dalğın, pərişanə,
Ay pərişan cavanlığım.
Bir butaydın gül qoxulu,
Ətirdə sünbül qoxulu,
Ay utancaq, üzüsulu
Nanə, nərgiz cavanlığım.
Getdin, nə gəlməz oldun,
Dərdimi bilməz oldun,
Göz yaşım silməz oldun,
Cavab ver cavanlığım.
Nemətimdi, nazımdı,
Vaxtsız susan sazımdı,
Bəlkə alın yazımdı,
Yarəb, bu cavanlığım?
Varım – yoxum, azımdı,
Nə yağ, nə bal lazımdı,
Duz-çörək, yavanlığım,
Hardasan cavanlığım?
Əzabın məni əzir,
Vermərəm qurban, nəzir,
Səngərli sənsiz gəzir
Sərkərdan, cavanlığım.
~~~~~~~~~~~~~~~~~~
04.02.2012-ci il
5.0
100% (2)