Bəllidi
Bəllidi (nəzirə)
(“Düşmən bəlli deyil, dost bəlli deyil”. Aşıq Veysəl) Müxənnət birdimi, beşmi, əllimi, Əğyar olan əməlindən bəllidi. Mərdin kürəyinə xəncər saplayan, Düşmən də bəllidi, dost da bəllidi. Dünyanın düzəni pozulub çoxdan, Koroğlu əl çəkdi, koroğluluqdan, Ozanım, ədalət gözləmə toxdan, Düşmən də bəllidi, dost da bəllidi. Dünyaya dərd verib, dərmanı saxta, Qanunu, qərarı, fərmanı saxta, İmkanlı “dostların” imanı saxta, Düşmən də bəllidi, dost da bəllidi. Şər-şeytan hakimdi, hökm, şərt kəsir, Nahaqq ilə haqq – salamı mərd kəsir, Türkün sözü qılıncından sərt kəsir, Düşmən də bəllidi, dost da bəllidi. Arxandan qaçandı, sırt çevirəndi, Ürəkdə bir ayrı, üzəgüləndi, Hiylə niqabına bəsdi bələndi, Düşmən də bəllidi, dost da bəllidi. Ay kimi, Gün kimi, ay Aşıq Veysəl, Türk – Turan birliynə mane, de əngəl, Vətənə uzanan murdar, xain əl, Düşmən də bəllidi, dost da bəllidi. Dünyada dost demə əfi, ilana, Qəfil yerdən şahmar kimi sancana, Hüseynəm, sözümü dedim mərdana, Düşmən də bəllidi, dost da bəllidi. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 28.08.2020 17:05 |