Dəvə məni xar eləmə
Dəvə məni xar eləmə
(Şeir Bərdədəki “Novruz” bayramı şənliyində baş vermiş dəvə olayına həsr olunur. Lətifəsi xalqdan uzaq) Canım dəvə, gözüm dəvə, Saç - saqqalım qara, şəvə, Nə düşünər körpə, nəvə, Məni eldə xar eləmə. Nə olsun rüşvət almışam, Veriblər, daş - baş almışam, Danmıram, daş - qaş almışam, Məni eldə xar eləmə. Müftəxoram, başarmışam, Özüm üçün yaşarmışam, Yekəqarın, xaşalmışam, Məni eldə xar eləmə. Əl çək məndən qarayaxa, Nifrət, kinlə baxa – baxa, Canım oda yaxa – yaxa Məni eldə xar eləmə. Gözümə kül üfürürsən, Dodaqla yer süpürürsən, Sifətimə tüpürürsən, Məni eldə xar eləmə. Yeyirəm yetim malını, Geyirəm ipək şalını, Gözlərəm işin dalını, Məni eldə xar eləmə. Bircə qoçu sənmi çıxdın, Gör üstümə nələr yıxdın, Dirədin lap, küncə sıxdın, Məni eldə xar eləmə. Bu mahalda insan min - min, Dəyişməyib, xalq da həmin, Tapmadınmı özgə çəmin? Məni eldə xar eləmə. Gen dünyamı dar eləmə, Günümü ah - zar eləmə, Hər yetənə yar eləmə, Məni eldə xar eləmə. Dur başa sal durak1, duba2, Şahin – şonqar geyər şuba3, Bizim Bərdə deyil Quba, Dəvə, məni xar eləmə. ~~~~~~~~~~~~~~~~~~~~ 1. durak – səfeh, sarsaq; 2. dub – palıd ağacı; 3. şuba - kürk (rus dilində). 27.03.2012-ci il |