Aşıq Mürsəl Sinan, - biyar
Aşıq Mürsəl Sinan, - biyar
(Şeir Türk aşığı Mürsəl Sinana ithaf olunur) Sefil Şenlik nə gəzirdin Borçalını diyar - diyar ? Sazın - sözün nökəridi Aşıq Mürsəl Sinan, - biyar ! Aşıqlara məskən, oylaq Qoca Tiflis, Qocor yaylaq, Zurnam zildə, sazım oyaq, Aşıq Mürsəl Sinan, - biyar ! Dədən dədəm, baban babam, Sazdı soyum, suyum, havam, Tülək tərlan, Türk oğluyam, Aşıq Mürsəl Sinan, - biyar ! Göyü qaldıranda Ballı dərədən Yer titrədi, Göy titrədi nərədən, Ah çəkməzmi ahu dəyən zərbədən, Aşıq Mürsəl Sinan, - biyar ?! O, ahu tək dövrü - səfa sürdünmü, “Əhli mərfət kamandarı gördünmü”, Saz sinəndə, sözdən çələng hördünmü Aşıq Mürsəl Sinan, - biyar ?! Qoyub sapandına atıbdı səni, Dəyərnə - dəyməznə satıbdı səni, Qürbətli dünyama qatıbdı səni Aşıq Mürsəl Sinan, biyar ! Xəbər al Şenlik babadan, Oğuz eli Faxralıdan, Atıcı Zuraf Musadan, Aşıq Mürsəl Sinan, - biyar ! Dilin türlü, səsin türlü, Sinəm axan Araz, Kürlü, Mənəm, o, “Sınıx Körpü”lü, Aşıq Mürsəl Sinan, - biyar ! Sən də qərib, mən də qərib, Batan Günəş edər qürub, Tanrım başa dərd əndərib, Aşıq Mürsəl Sinan, - biyar ! Aya qurban, ilə qurban, Aman deyən dilə qurban, Səsindəki zilə qurban, Aşıq Mürsəl Sinan, - biyar ! Bu nə dövran, bu nə çağdı, Qar başıma haçan yağdı ? Sənin kimi saçım ağdı Aşıq Mürsəl Sinan, - biyar ! “Qadan alem” deyən ağlar Dilinə, dininə qurban. Sazın sızlar, sinəm sızlar Aşıq Mürsəl Sinan, - biyar ! Aramızda nə dağlar var, Gülər, göynəyər, ağlar var, Barlı bağçalar, bağlar var, Aşıq Mürsəl Sinan, - biyar ! Axan yaşım bıldır mənim, Qəlbim incə, qıldır mənim, Qars mənimdi, Çıldır mənim, Aşıq Mürsəl Sinan, - biyar ! Aşığ Maqsud Fəryadinin Fəryadından doyanmadım, Fərağından oyanmadım, Aşıq Mürsəl Sinan, - biyar ! Onun bircə “Layla de”sin Heç axtarma, ələ düşməz, Dil-dodaqdan lələ düşməz, Aşıq Mürsəl Sinan, - biyar ! Sazın – sözün meydanında Cövlan edən aşığ İslam Azman, ustad, kamil ozan, Aşıq Mürsəl Sinan, - biyar ! Söz – söhbəti ləldi, zərdi, Nəhəng sənətkardı, nərdi, Ərdi Musa Erdenanar, Aşıq Mürsəl Sinan, - biyar ! Gördüm aşıq Gülabının Gül qoxuyur, gül nəfəsi, Onda var bülbül həvəsi Aşıq Mürsəl Sinan, - biyar ! Batman gəlmiş, batman durmuş, Bu sənətə möhür vurmuş Bir heykəldi Veysəl babam, Aşıq Mürsəl Sinan, - biyar ! Səsinə qurban aşığ, Nəfəsinə qurban aşığ, Həvəsinə qurban aşığ, Aşıq Mürsəl Sinan, - biyar ! Nə istərsən oxu, aşığ, Saz özümə, söz ruhuma yaraşığ, Ay sinəsi dağ - dağ aşığ, Aşıq Mürsəl Sinan, - biyar ! Fələk namərd, yağı yaman, Pərən düşmüş zaman - zaman Tərəkəmə Türküm, - obam, Aşıq Mürsəl Sinan, - biyar ! Vətən birdi, dövlət ayrı, Millət birdi, dövlət ayrı, Qeyrət birdi, dövlət ayrı, Aşıq Mürsəl Sinan, - biyar ! Kamandar, Əmrah, Alıyam, Türk kökənli, Borçalıyam, Saz - söz əhli, əhli – halam, Aşıq Mürsəl Sinan, - biyar ! Ağrıdağ boyda ağrıdı, Səsindəki nə yanğıdı, Yanan Hüseyn Faxralıdı, Aşıq Mürsəl Sinan, - biyar ! ~~~~~~~~~~~~~~~~~~~~~~~~ 18.08.2016 0:45 |