11
Yorum
7
Beğeni
5,0
Puan
1667
Okunma
Tarix elmləri namizədi
Kərəm Məmmədli ilə
I deyişmə
Kərəm: Cəlaloğlu, coşub sinəm,
Sazdan ilhamlı, təbli mən.
Varsağıyam, Zülqədərəm,
Qaramanlı, Hələbli mən.
Elbəyi: Soyumuz var Alpamışdan,
Qorqud, Bilqamışdı, Kərəm.
Gəlirik lap yaranışdan,
Tarixlə həmyaşdı, Kərəm.
Kərəm: Bir ər kimi hayqıraram,
Yurduma nurlu çırağam,
Avşar, Bayat, Qacarcağam,
Təbriz, Urmu tələbli mən.
Elbəyi: At belində keçib günüm,
Kəhkəşana çatıb ünüm,
İslam dinim, Kəbə yönüm,
Tək türkə qardaşdı, Kərəm.
Kərəm: Qoymaz qılınc düşüm dərdə,
Uluları sallam yada,
Şamlı, Rumlu tapsa qada,
Kərkük, Ustaclı həbli mən.
Elbəyi: Bakı, Təbriz, Qars məskənim,
Bişkek, Kərkük doğmam mənim,
Dünya boydadı vətənim,
Mətinlikdə başdı, Kərəm.
Kərəm: Yarpağım tər, köküm dərin,
Buntürk, Xəzər əsər sərin.
Borçalı çapar kəhərin,
Suvarlı, Kəngər qəlbli mən.
Elbəyi: Bəybars Misir ellərində,
Bilgə oğuz çöllərində,
Atilıllanın əllərində,
Qərb elləri çaşdı, Kərəm.
Kərəm: Namərdlərə heç uymaram,
Dostlardan mərdlik umaram,
Hunam, Bulqaram, Suvaram,
Zəfərli mən, qalibli mən.
Elbəyi: Msxet də qədim ocağım,
Sarkine şamım, çırağım,
Şeyx Sənan müqəddəs dağım,
Ruhuma daş-qaşdı, Kərəm.
Kərəm: Mən Düratlı, Qıratlıyam,
Mürtaza Əli zatlıyam,
Baharluyam, Saatlıyam,
İrəvan, Göyçə dəbli mən.
Elbəyi: Üzəngimi basar Bursa,
Mən qurbanam Xoya, Qarsa,
Əyməmiş qəddimi tərsa,
Mətinlikdə daşdı, Kərəm.
Kərəm: Alsa yağı bac, qoymaram,
Naxələfə tac qoymaram,
Qəndəharı ac qoymaram,
Səlcuq, Ağ Hun xələfli mən.
Elbəyi: Borçalıda din, ey sazım,
Coş, Dərbəndim, Qarayazım!
Turandı ən böyük arzum,
Bu zirvəni aş di, Kərəm.
14.03.2008
Elbəyi Cəlaloğlu
5.0
100% (8)