TƏZADLAR
Dünyanı qamarlayan
Acgöz hərislər də var. Quru çörəyə möhtac, Yalavac kəslər də var. Zənbillərlə dolları Qoymağa yer tapmayan, Bir manata göynəyib, Sızlayan hisslər də var. O buna düşmən olub, Zəli kimi qan sorur. Bu onun qarşısında Müti qul kimi durur. İnsan insana qənim, Gah gizli, gah aşkara. Var-dövlət yığmaq üçün Gündə min fitnə qurur. Dünya yaranan gündən Həyat təzadla dolu. Bir yanda hökm eyləyir, Şərin güclüdür qolu. Biri əsir bu yanda, Biri coşur o yanda. Dünyada məsum insan Tapmayır çıxış yolu. Nə olsa da axırda Haqqın fərmanı hakim, Məsuldur əməlindən, Nə eyləmişsə hər kim. Yığılan sərvətləri Fələk sovuracaqdır, Beş arşın ağa möhtac, Budur həqiqi hökm. İstər zalim, ya məzlum, Bir gün toz olasıdır. Fələk sərt kəməndinə Hamını salasıdır. Öyünmə nəçi olsan Müvəqqəti həyatda, Kim qalıb ki dünyada, Dünya kimə qalasıdır? |