Saz dinə!Saz dinə! Nə saz dinir, nə söz dinir, nə işdi, Durubdular bir-birinin qəsdinə. Harda qaldı, bir aşığı çağırın, Bəlkə gəldi saz imana, söz dinə. Saz dinməsə, kimsə verməz çarəmi, Şiş qayalar eşidəmməz nərəmi. Əsli dərdi az yandırıb Kərəmi, Kül sovrula, kösöv qıza, köz dinə. Saz oyadar ürəklərdə hər simi, Qərar tutmaz qəmli günün tilsimi. Bir gözəlin gözlərində əksimi, Görən kimi işvə dinə, naz dinə. Saz eşqilə çıxar könül dağa da, Ayaq üzəngidə, diz qabırğada. Biz layiq deyilik başqa bir ada, Vətənin, torpağın, xalqın eşqinə. O tellərə toxunmasın naşılar, Alovlanar pərdə-pərdə alışar. Nə qədər ki, bu millətin ömrü var, Saz sinədə saz danışa, saz dinə. Öz ünvanım, öz adımdı saz mənim, Onsuz olmaz bahar mənim, yaz mənim. Cəlaloğlu, söyləmə gəl, saz mənim, Dünya yaşadıqca, dinə – saz dinə. Elbəyi Cəlaloğlu |