Məhəbbət saxlamışamMəhəbbət saxlamışam Saf düşünüb, saf danışdım, dedilər saf ağmışam, Naqisliyə, pisliklərə sərt bir ayazam, qışam. Düz ilqarım bu dünyada varım, dövlətim, malım, Qazanınca etibarı çay kimi çağlamışam. Xan palıdın ayağına ilişməsin çırpılar, Daşan sellər caynağında qayalara çırpılar. Nə biləcək ağlı dayaz, yüngül beyin zırpılar, Yüz də desəm, ömür boyu haqq üçün ağlamışam. Dinlə bir saz möcüzəsi, dinlə tar, kaman səsi, Ulu göydən damla-damla qəlbinə daman səsi. Duyğuların ən sonunda Allahı tapan səsi, Bir ürfan düyünlərilə qəlbimə bağlamışam. Könül verdim Haqqa doğru yollanan kişilərə, Camalında nur daşıyıb çallanan kişilərə, Mövlananın düsturuyla hallanan kişilərə Qəlbimin dərinliyində məhəbbət saxlamışam. Baxsan əgər çiçəklərə Nəvainin gözüylə, Yansan ustad Füzulinin ocağıyla, közüylə, Qalxsan göyə addım-addım Nəsiminin iziylə, Elbəyi, onda söylə ki, Tanrını haxlamışam. Elbəyi Cəlaloğlu |