2
Yorum
8
Beğeni
5,0
Puan
141
Okunma
Qaranlıq gecədə, sakit küçədə,
Gedirəm yol ilə, bilmirəm hara.
Başa düşmür məni uzun gecə də,
Görünür gözümdə hər şey qap-qara.
Günəşli gündə də görür gözlərim,
Bu geniş dünyanı qara pərdədə.
Ağrıdan inləyir yazıq dizlərim,
Gəzməkdən mənasız, qara yerlərdə.
Bu böyük düzənli, çöllü dünyada,
Axtarıb özümü tapa bilmirəm.
Həyatım qarada, özüm qarada,
Başqa heç bir rəngə çata bilmirəm.
Quruyub dodağım, artıq verib çat,
“Kimsən sən dünyada?” sözün deməkdən.
Çox qəddar yanaşır mənə bu həyat,
Qara bir oyundur oynayıram mən.
Nədir yaşamağın mənası, nədir?
Əgər duymayırsa ürək sevgini.
O həyat ki, yalnız qara rəngdədir,
Boğacaq ömrünün başqa rəngini.
Qalmayıb taqətim, tükəndi səbrim,
Sözüm də itirdi öz mənasını.
Özüm öz əlimlə qazıram qəbrim,
Qarayla yazıbdır fələk yazımı.
Qaranlıq dünyada göz açmışam mən,
Başqa heç bir rəngi seçmir gözlərim.
Özümü biləndən, başa düşəndən,
Qaraya boyanıb Günəşim, Yerim.
Yazıldığı yıl: 2001 (yaş: 18)
5.0
100% (3)