5
Yorum
13
Beğeni
5,0
Puan
157
Okunma
Məhəbbət sözünü üstün tutardın,
Ana sevgisindən, hərarətindən.
Atdı məhəbbətin səni, tək qaldın,
Ancaq yenə anan küsmədi səndən.
Yenə ürəyinin istisi ilə,
Qızdırdı soyumuş gənc həyatını.
Nankor övladlığın o, bilə-bilə,
Yenə verdi sənə hər saatını.
Dolandı başına bir pərvanətək,
Qoymadı üzündən getsin təbəssüm.
Ana sinəsində o yumşaq ürək,
Qanadlandı quştək güləndə üzün.
Unutdurdu sənə dərd-qəmlərini,
Uydun yenə də bir başqa sevgiyə.
Yolunda o, yenə tökdü tərini,
Təki xoşbəxt olsun övladım deyə.
Bu yeni sevginə qovuşmaq üçün,
Əlindən gələni eylədi anan.
Çalışdı ürəkdən hər gecə, hər gün,
Yenə tək o idi halına yanan.
Bəli, o belədir və belə olub!
Həmişə, hər zaman, sən doğulandan!
Səninlə gül açıb, səninlə solub,
Yolunda keçibdir həmişə candan.
Sənsə qovuşandan sonra sevginə,
Yenə də unutdun yazıq ananı.
Dönmədin bir dəfə ana evinə,
Sormadın ki: “Anam hardadır, hanı?”
Atan haqqında da danışaq biraz,
Onu heç sevmədin, başa düşmədin.
Gedib baş çəkmədin nə qış, nə də yaz,
Nə halını sordun, nə görüşmədin.
Qocaldı, yaşlandı, beli büküldü,
Heç kəsə baş əyib ağız açmadı.
Qurduğu xəyallar bir-bir söküldü,
Onun köməyinə heç kəs qaçmadı.
“Kişidir” dedilər qocalsa belə,
Sanki kişilərin canı can deyil.
Heç kəs acımadı düşsə də yerə,
Gözü də kor oldu, artıq görməyir.
Əziyyət, zəhmətlə o böyütdüyü,
Hanı o “övladım” dediyi şəxslər?
Yolunda çalışıb qan-tər tökdüyü,
Niyə onun zülmün heç görmədilər?
Biri elə sənsən, niyə atasız,
Yaşamaq səninçün belə asandır?
Niyə oldun axı belə vəfasız?
Ürəyin varmı heç, yoxsa daşdandır?
Niyə heç olmasa bircə gün gedib,
Baxmırsan necədir, necə yaşayır?
Uşaq kimi olub, qəlbi kövrəlib,
Adını duyanda gözü yaşarır..
O çinartək uca qamətli kişi,
Dərdindən büküldü, gültək saraldı.
Saçları ağardı, töküldü dişi,
Gözləri elə hey yollarda qaldı.
Mehriban səsindən yenə uyuyub,
Bir daha qoynunda yatmaq istərəm.
Varlığını qəlbim, canımla duyub,
Anam, bu varlıqda batmaq istərəm...
Kaşki bircə dəfə şans verəydilər,
Atamla üz-üzə söhbət edəydim...
Ya da o dünyaya yol hörəydilər,
Gedib bircə dəfə dəyə biləydim.
5.0
100% (10)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.