2
Yorum
9
Beğeni
5,0
Puan
74
Okunma
Burdan köçüb getsəm bir gün, bir zaman,
Köçəri quşlar tək dönməyəcəyəm.
Köçdükdən sonra bu fani dünyadan,
Bir də bu dünyaya gəlməyəcəyəm.
Bir də taleyimdən daha heç zaman,
Xoşbəxtlik, səadət ummayacağam.
Yalnız da yaşasam, odda da yansam,
Heç bir dərd odunda yanmayacağam.
Desələr də ki, var dürüst dünyada,
Mənə hər şey saxta, yalan gələcək.
Lap hamı çevrilib mələk olsa da,
Bu gözlər yenə də yalan görəcək.
Bir daha Günəşə Gün deməyəcəm,
Günəş də qaradır, Gün də qaradır.
Dənizim, səni də heç sevməyəcəm,
Çünki bu qəlb artıq para-paradır.
Neyləyim o günü, o günəşi mən,
Açılırsa sabah göz yaşlarımla.
Cəhənnəm kimidir gündüzüm, gecəm,
Gənc ikən ağardı bu saçlarım da.
Taledən hər şeyim zamansız gəlir,
Gecikmiş qismətin nə faydası var?
Daha düzəlsə də əyrilər bir-bir,
Ölmüş bir insançün nə mənası var?
Hər gün də ömrümə gəlir minnətlə,
Qəfəsdir ruhuma bu cansız bədən.
Yoxmuş bu Fələkdə insaf, mürvət də,
Hər şeydə nakam qoydu rəhm bilmədən.
Səndən nə istədim? – Sakit bir həyat!
Biraz da xoşbəxtlik mane olmazdı.
Sən heç bir arzuma vermədin qanad,
Versəydin ümidlər gül tək solmazdı.
Gözlərimi yumub sadəlövhlüklə,
Bir arzu dilədim mən ulduzlardan.
İçimdə yanğıyla, qəlbdə ümidlə,
Mən sevgi dilədim o saxtakardan.
Amma ki, sən demə, mən inandığım,
Ulduzlar ondan da saxtakar imiş...
Min bir dərdə dərman, əlac sandığım,
Məhəbbət sağalmaz bir azar imiş...
Yenə öz oyununu oynayır Fələk,
Ömürdən köç edir mənalı illər.
Yenə qəlblər qırır yalan deyərək,
İlanı yuvadan çıxardan dillər.
İnsanlar qəddardır, həyat qəlizdir,
Hamının ağlından xəyanət keçir.
Kasıb haqda fikir "Vur keç!" və "Əz!"dir,
Zənginlər dünyanın ölçüsün biçir.
Bax bu cür bildiyin qırmızı papaq,
Dönüb maskalı bir canavar olub.
Bu cür də dünənki o şirin uşaq,
Bugün vicdansız bir zülmkar olub.
Çünki nifrətdir həyatda duyduğu tək hiss,
Həyata, dünyaya və insanlara.
Hətta yanındakı canından əziz,
Doğma qanından da bir olanlara.
Yaratdığın bu gözəl, böyük dünyada,
Niyə mən özümü bula bilmirəm?
Bəzən çox xoşbəxtəm, amma röyada,
Niyə oyananda ola bilmirəm?
Niyə mən sevilib-sevmək istərkən,
Qapılar üzümə bir-bir bağlanır?
Verdiyin hər şeyi qəlbən sevərkən,
Yenə bu qəlb yanır, yenə dağlanır?
Son həddə qədər gətirib məni,
Yıxıldıqdan sonra əlim tutursan.
Nədir bu işgəncə, nədir nədəni?
Niyə bu bəndəni hey unudursan?
Dostlarsız həyatım məni çox qırdı,
O qədər cansızam, cisimlər kimi.
"Bir gün dönəcəklər" deye inandırdı,
Bu zavallı ruh boş qalmış qəlbini.
Nə gözəl günlərdi o sizli günlər,
Xoşbəxtdim həyatın hər bir anında.
İndi qəlbi almış dərdlər, hüzünlər,
Çünki can dostlarım yoxdur yanımda.
Bax, dostum, doğur yeni bir günəş,
Hər sabah gələndə mavi dənizdən.
Yenə ümidlərlə dolu o atəş,
Sanki mənə salam gətirmiş sizdən.
Ayrılıq çox acı, çəkilməz, qəddar,
Hər gün biraz-biraz alır canımı.
Bu yalnız ürəyim ağlayır zar-zar,
Yetər artıq, yetər içdin qanımı!
Bu bir döyüş idi, biz də döyüşçü,
Sonda məğlub etdi səncə kim-kimi?
Payımız bir oldu, tam ayrı düşdü,
Mən zəhrimar daddım, sənsə sevgini...
Bu bir oyun idi, biz də oyunçu,
Qaydaları sənlə aşkarca əlbir.
Hansımız qəlbini burda uduzdu?
Kim üçün çalındı sonuncu təbil?
5.0
100% (4)