0
Yorum
4
Beğeni
0,0
Puan
48
Okunma
O vaxt ki, itirir həyat mənasın,
Özün özlüyündə tutursan yasın.
Eyləmir fərq sənə soyuq ya isti,
Səninçün yaxşı da, yaman da pisdi.
Qaralır gözündə gündüz gecətək,
Sinəndə buz kimi soyuyur ürək.
Qalmayır inamın insana, sözə,
Arzular yetməzdir, yoxdur möcüzə.
Qupquru quruyur həyat səhratək,
Səninlə çox qəddar oynayır fələk.
Haraya gedirsən sənə yad gəlir,
Bu qəriblik hissi qəlbini dəlir.
Axtarır hər yerdə təklik gözlərin,
Sənə insanlarla çətindir, çətin.
İstərsən olasan bir cılız heyvan,
Təki görməyəsən bir dənə insan.
Yox olub yaşamaq həvəsin bütün,
İstəmir heç bir şey susubdur könlün.
Həyatın başında arzular durur,
Sənsə unutmağa olmusan məcbur.
İtirib qüvvətin, boşalıb qolun,
Səninçün xoşbəxtlik əlçatmaz məfhum.
Tanrıdan sadəcə ölüm umursan,
Onun hər zülmünə hey göz yumursan.