SƏNİ MİSRALARA KÖÇÜRMÜŞƏM MƏN
SƏNİ MİSRALARA KÖÇÜRMÜŞƏM MƏN
Bir vaxtlar baxdıqca hey sağa-sola, Deyirdim sevdiyim qismətim ola. Elə bu istəklə çıxmışdım yola, Heç demə qol-qanad açırmışam mən! Ayları, illəri verdikcə yelə, Dolaşdım yolları belədən-belə... Hardan biləydim ki o vaxtlar elə, Bəxtimin dalınca qaçırmışam mən! Yadımda qalmadın uçuq dam kimi, Yananca dadlıydın şirin tam kimi... Sevdalı könlümdə titrək şam kimi Eşqinlə hey işıq saçırmışam mən! İzin pozulmayıb itən “vərimdə”, Doğmasan hələ də nəzərlərimdə. Hər şeir yazanda “can dəftərimdə” Səni misralara köçürmüşəm mən! SEYMUR SÖNMƏZ PAŞAYEV© |