Sevdalar sözdə qalmış
Bu dövürdə az imiş qəlbi gözəl olanlar
Zahirdəymiş nə varsa, gözəllik üzdə qalmış Ürpərirəm ilahi! Nə çox imiş yalanlar, Ayaq tutub yeriyir, düz isə düzdə qalmış Vaxt varıydı görərdik hər şeyi öz yerində Varıydı böyüklərin ehtiramı dərində O köhnə kişilərin fələyin çəmbərində Şax duruşu sınıbdı, papağı dizdə qalmış Kim oxuyar bu xalqın, diriliş qaməsini Yoxki o şanlı katib, yazıb salnaməsini Yaxşılığın, düzlüyün, mərdliyin naməsini Kağızı köhnəlibdi, qələmi mizdə qalmış Əsirinə çevrilib tağuta heyranlığın Qərq olubdu içinə bir zifri qaranlığın Kim tutar matəmini bu yazıq insanlığın Canını tapşırarkən, son şəkli gözdə qalmış Əhdinə vəfalı az, bir sözünün əri yox Ağsaqqalın sözünün azacıq kəsəri yox Hörmət rüşvətə çönüb, hörmətdən əsəri yox Səbrin səbri tükənib, bir azca dözdə qalmış Harda bir fayda olsa ortadan ağa çıxır Görsə faydası yoxdur basıb qırağa çıxır İsti münasibətlər şəxsi marağa çıxır İstisi buxar olub, soyuğu közdə qalmış Zaman ağırdan ağır, mənzil uzaq, yol çətin Bəşəriyyət qıvranır girdabında zillətin Toz basıbdı üstünü müqəddəs məhəbbətin Ehtirasa çevrilib, sevdalar sözdə qalmış |