5
Yorum
7
Beğeni
5,0
Puan
673
Okunma
Yuxuma girmişdin neçə gün öncə
Eynən əvvəlkitək cilvələnirdin
Necə şənlənmişdim səni görüncə
Nur olub ruhuma səpələnirdin
Mənmi yoxsa sənmi yarıtmaz oldun?
Sözlü olammadıq, mənə söz oldun
Elə yuxum kimi əlçatmaz oldun
Qismətin deyilsə nə dilənirdin?
Könlümü ney kimi dilləndirən qız
Ey xəyal dünyamı tülləndirən qız
Məni yuxularda əyləndirən qız
Niyə nazlanırdın, qürrələnirdin?
Yoxdur etibarı bu dünyanın da
Qəlbində olsam da, yoxam yanında
Durub ataevin yan eyvanında
Baxıb yola sarı gileylənirdin
O ev də bəxtintək boş qalıb gözəl
İllərdir gözyaşım boşalıb gözəl
Gəmim başqa yönə baş alıb gözəl
Sən köhnə sahildə yelpələnirdin
5.0
100% (1)