0
Yorum
10
Beğeni
5,0
Puan
130
Okunma
Bir pay göndəribdi anam vətəndən
Üstündə cənnətin qoxusu gəlib
Yığıb yığışdırıb gücü yetəndən
Bəlkə varlığının çoxusu gəlib
Bir dəstə əvəlik, keçi pendiri
Yanında bir qab da çaşır qoyubdu
Bəlkə toplayanda gəzib min yeri
Nələr hiss eləyib, nələr duyubdu!
İnanın yeməyə gəlmir əlim də
Bitərsə anamın qoxusu gedər
Anınca gül-çiçək bitər dilimdə
Nə var ki, ananın varlığı qədər!
Bir pay göndəribdi anam vətəndən
İçində həsrətin göz yaşları var
Büküb sarmalayıb bəyaz kətandan
Üstündə əlinin naxışları var
Bir pay göndəribdi anam- göz nuru
Üstünə qəlbinin istisi çöküb
Balaca boğçaya yığıb hüzuru
Ata ocağının tüstüsü çöküb
Hansı bir gözəllik varsa özümdə
Anamın bitməyən dualarıdır
Bu təkçə bir boğça deyil gözümdə
Dünyanın ən şirin payı, barıdır!
Bir pay göndəribdi anam vətəndən
Üstündə cənnətin qoxusu gəlib
Yığıb yığışdırıb gücü yetəndən
Bəlkə varlığının çoxusu gəlib
5.0
100% (1)