PƏNCƏRƏMDƏ İŞARTI
Şiirinizi Yazın
*** Bəlkə də yazdığımı heç kimsə oxumadı, Bəlkə də oxuyanlar bəyənmədi tulladı, Solğun mürəkkəbinə bulaşmış vərəqləri, Bəlkə kimsə qaldırıb ehmalca sığalladı. Boşuna diyirlədim bəlkə də səni,qələm, Sətir sətir,sözbəsöz zəhmətin hədər oldu, Kimlər qızıl qırardı sənin həndəvərində, Kimlərə süvar oldun səfil,dərbədər oldu... Buludlar topa topa ayaqladı günəşi, Rüzgarlar əlçim əlçim yoldu çölün başını, Bir kələbək həyatdan kam almamış doyunca, Bəyaz kağızlar üstə axıtdın göz yaşını. ...Qüruba uçub gedən durnalar dönmür geri. Kipriyimi sıxıram içimə qəm dolanda. Xatıralar bitməmiş buraxıram əlimdən, Axı, əlim titrəyir sən əlimdə olanda. Pəncərəmdə işartı... Tüstülənir xəyallar. Masamın üstündəki bir siqara,bir də sən. Hərflər səpələnir nöqtələrin ardınca. Yaşamağa umud var hələ ki,əlimdəsən. *** |