İLHAMLI FƏRİZƏ
İLHAMLI FƏRİZƏ
(1990-cı ilin qanlı 20 yanvar günü Bakı şəhərində Azərbaycanın azadlığı naminə canlarından keçərək qanları ilə böyük “SEVGİ” yazmış İlham və Fərizə- nin əziz xatirələrinə) Sevgi dünyasının doğdu Günəşi, Başına dolandı Ay yavaş-yavaş. Üfüqlər qızardı şəfəqlərindən, Götürdü ulduzlar pay yavaş-yavaş. Nur olub töküldü göylərdən başa, Yaxıldı kipriyə, çəkildi qaşa. Fərizə eşqilə ilhamla yaşa, Xoşbəxt günlərini say yavaş-yavaş. Ər olun canında Ilham qüdrəti, Sevin bu eşqilə xalqı, milləti! Mən deyim, siz tutun bu mahiyyəti, Edin sevginizi tay yavaş-yavaş. * * * Çox ciddi görsənirdi, İlham evdə bu axşam. Dar gəlirdi ona ev, Bayır, həyət, bu yaşam. Özü də anlamırdı, Narahatlıq nədəndir? Küləkli qış soyuğu Lap ürək göynədəndir. Hələ gələndə evə Axşam üstü o işdən, Bu sakit küçələrdə Ayrılmırdı təşvişdən: – Nədən dinib danışmır Bu boyda böyük şəhər? İçin-için boğurdu Artıq onu şübhələr. Bulunduqca beləcə Bu köksüz düşüncədə, O, bir az da sürətlə Addımladı küçədə. Təzəcə dönmüşdü ki, Evlərinin tinindən, Sıyrılıb qara pişik Keçdi onun önündən. O, bir azca duruxub Göz gəzdirdi özünə, Çıxarıb yaylığını Qoydu başqa cibinə. Eşitmişdi bunları Sınaqcıl nənələrdən, Ömrü, günü bayatı, Həm nağıl nənələrdən. Boylanıb ətrafına Daha bir az dayandı, Birdən, sanki qəflətdən Ürkək-ürkək oyandı: – Görən bir şey olmayıb? Tez qaçım evimizə, Neyləyir evdəkilər, Hardadır bəs Fərizə?.. Nə döyükdü irəli, Nə baxdı arxasına, Yürüdü pilləkənlə Bir başa odasına. * * * Budur girir içəri İlham tələm-tələsik. Hər kəs onu seyr edir, Tükü biz-biz, ürpəşik. Göz gəzdirdi ətrafa, Sağlamdır deyən hamı. Sual dolu baxışla Dindirdilər İlhamı: Anası: – Nolub, oğlum, İşdə hadisəmi var? Fərizə: – Gözlərində Bərq vurur intizar. – Yox, dayanın, dayanın, Qaydasındadır hər şey. İşlər hələ nizamdır, Səhhətimdə yox bir şey. Göz altından Fərizə Süzdü bir də İlhamı. Dedi: – Şeytanmı salıb, Canım, bu gün axşamı? Yaxın əyləş süfrəyə, Çox da eyləmə fikir. Xoşladığın yeməyi, Anan qazandan çəkir. Yuyunub gəldi İlham, Yaxınlaşdı süfrəyə. “Bismillahir” söyləyib Əl uzatdı çörəyə. Elə bu dəm bayırdan Eşidildi partlayış. Hamı dikəldi birdən Duyğularda oyanış. Yenə güllə səsləri: – Tarak, tak, tarank, tarank! Uğuldadı küçədə Quduzlaşmış neçə tank. Cumdular pəncərəyə, Binalar əsim-əsim. Amansız güllələrdən Baxışlar asım-asım. Gözlər sanki boğurdu Bu amansız saatı. Fərizə qışqırdı: – Vay, Qırdılar camaatı! Neçə günahsız insan Sərilirdi yan-yana. Pəncərələr, divarlar, Ağaclar gəldi cana. Heyrətə gəldi tanklar Gərilmiş sinələrlə. Türkü sındırmaq olmaz Belənçi səhnələrlə! İlham durub boylandı Bir anlıq anasına. Duyub onu Fəruzə Əl qoydu sinəsinə. Dedi: – Getmə silahsız, Neyləyərsən onlara? Toxunsalar inan ki, Doyuraram qanlara. – Boş görüblər meydanı Yaramazlar deyəsən. Öz evində düşmənə Durub boyun əyəsən? Getməliyəm, Fərizə, Çıx yolumdan, əzizim! Şərəfsiz olmaqdansa Tank əzsin əzim-əzim! İlhama ilham verən Fərizə sevgisimi, Fərhadın ürəyində Şirinin eşqi kimi? Bir gün görməsə İlham Darıxardı yarını. Əridərdi yolunda Dağların sal qarını... Yemək yeməz Fərizə İlham gəlincə işdən. Qaş-qabağı açılmaz Məmnundur bu vərdişdən... Hələ nişanli ikən Getmişdilər bir toya, Oturdular üz-üzə Göz ola, gözdən doya! Əl toxunanda ələ Qopur ürəkdə fəryad. Düşüncələr dumduru, Duyğular nurlu, abad. Birdən çağrıldı İlham İş yerindən təcili. Elə bil Fərizənin Soldu çiçəyi-gülü. Töküb qaş-qabağını Dindirmədi İlhamı. İlham qəmli, könülsüz Tərk etdi bu axşamı. O biri gün Fərizə İstəmirdi barışmaq. İlham dedi: – Əzizim, Bəsdi naza alışmaq! Neyləyim sənin üçün, Sevgimi bir də sına! Dedi: – Bir at özünü Görüm tankın altına! Xatırlayırdı indi Bu olayı Fərizə: – Allah eşidib məni? Yoxsa, bu nə möcüzə? Dilim-ağzım qurusun, Kaş deməzdim bu sözü. Baxmazdı indi mənə Quduz tankların gözü... İlham döndü getməyə Qisas yağdı gözündən. Fərizə: – Nolar, İlham Bir dəfə dön sözündən! İndi Ofeliya ana Hönkürüb tutur onu. – Ana, yol ver gedirəm, Bumu qeyrətin sonu? Dərhal çıxır qapıdan, Yığanmayır hirisin. Əzir sillə, təpiklə Cəlladların birisin: – Yaramazlar, neyləyib Söyləyin sizə şəhər? Bilin ki, tarix boyu Türkün olub hər zəfər! Deyin, nədir babalı Vurduz günahsızları? Silməyəmi gəlmisiz Yer üzündən bizləri? Dayanın, yaramazlar, Körpənin günahı nə? Sən niyə o qocanı, Qəltan etdin qanına? Cumub tutdu onu da, Döydü, döydü nə ki, var. Dolu tək bu səs-küyə Bu dəm yağdı güllələr. Qədəmi Haqq yolunda Baş əydi qeyrətinə. Hədəf oldu mərmiyə Qürurla dolu sinə. Sevgi axdı ürəkdən Bu torpağın canına. Bir qaynar qan qovuşdu Millətinin qanına. Son anda başı üstə Gördü o, anasını, Üz cırıb, saçın yolan Bu qüdrət qalasını. Çəkib Ofeliya ana Daldaladı İlhamı: – Tutulmadı gözlərin, Nişan aldın balamı. Qaldılar səhərəcən Ana-bala daldada. Olmamışdı bu dəhşət, Heç vaxt, sanki dünyada. Uyumuşdu baş-başa, Küçələrdə meyitlər. “Azad vətənim” deyib Haray salan igidlər. İldırımlar çaxırdı Ananın naləsində. Ürəkləri qarsıyan Bir od vardı səsində: – Layiqmidin qurbana? Sinə gərdin meydana. Sən azadlıq istədin, Ağlar qaldı bir ana. Niyə düşdün qəzaya? Ruhun uçdu fəzaya. İndi nə deyim, oğul, Binəva Fərizəyə? Dağladın ürəyimi, Bağladın ürəyimi, Daim ah-vay içində Saxladın ürəyimi. Dözmədin naləsinə, Qoşuldun el səsinə. Ucaldın, mənim balam, Şəhidlik zirvəsinə. Meyitlər düzüm-düzüm, Silindi yerdən izim. Uçurdular evimi Tapdaqlı qaldı dizim. * * * İlhamdan Fərizənin Üzülmüşdü ümidi. Şaxta, qar yox, bu gecə, Yağan güllələr idi. Hiss etmiş kimi, birdən Sızıldadı ürəyi. Dik atıldı yerindən: – Tanrım, eylə köməyi! Zəng çalırdı telefon, Tez yönəldi dəstəyə: – Alo, alo kimdi bu? Ehtiyac var köməyə? – Fərizə, Səadətdi, Dəli olmusan, ay qız? Çəkilib gedib hamı, Qalmışam evdə yalqız. – Çox qorxuram, Səadət, Bir şey olar İlhama. Allahım rəhm eyləsin Bu günkü izdihama! – Fərizə, xəbərin var, Kimdir qıran milləti? – Əcaib saqallılar Çökdürüblər zülməti. Biri deyir ki, rusdur, Biri deyir erməni. Sanki pəncərələrdən Əzrayıl güdür məni. – Hanı Ofeliya xala, Eşidilməyir səsi?.. Elə bu dəm kəsilir Telefonun nəfəsi. – Alo, alo, Səadət... Vay... İşıqlar da söndü. Ya Rəbb, bu nədir belə, Bizdən üzünmü döndü? – Aa...Bəs Ofeliya xala Bir saatdi ki, çıxıb. Bəlkə, indi İlhamı Lap ürəyinə sıxıb. Tükənmiş tək səbiri Vaxtını etməyib sərf, Götürüb örpəyini Qaçdı həyətə tərəf. Bu dəm çıxdı önünə Bağda ana çox məyus: – Dur! Qayıt evə, qızım, Vurallar danışma, sus! Tez qayıtdılar evə Ana-bala bir təhər. Müşaiyət edirdi Onları kor güllələr. Oturdu Bağda ana Qızı ilə üz-üzə. Yanağına axıtdi Həsrətini Fərizə. – Qizim, bir az səbr elə, Gələr Ofeliya xalan. İnşallah xəyalların Görərsən oldu yalan. Səadət dedi, – xətdə Tez kəsdilər sözümü. İnan güclə, bir təhər Mən çatdırdım özümü... * * * Bax bu qanlı gecədən Açıldı ilkin səhər. Şəhidlərin sayı yox, Ağlayır bütün şəhər. Divarlar deşik-deşik, Şüşələr çilik-çilik, Hər kəs övlad axtarır Küçədə bölük-bölük. Hicrani boğmaq üçün Pəncərənin önündə, Fərizə bu ayazlı, Bu qanlı qiş günündə, Yapışıb şüşələrdən, İntizar var nəfəsdə, Odlu fəryad eşidir Birdən o, doğma səsdə... – Necə?.. Yox, ola bilməz, Sağ-salamatdir İlham. Dünya boyda dünyadir, Saf bir həyatdır İlham. Heç qolunu əyəmməz Onun bu yaramazlar, Bir tükü əskik olsa Günəşim, Ayım sızlar... Əl atdı saçlarını Dartışdırıb, yolmağa. Başladı payız çağı Çiçək kimi solmağa. Yaxınlaşıb səbirlə Bağda ana: – Fərizə, Qizim, mətanətli ol, Duz səpmə yaramıza... – Bu İlham ola bilməz İnanmıram, Anacan. – Hamiləsən sən, qızım, Dözümlü olmalısan. – Onsuz mənə, nə övlad, Nə də yaşam gərəkdir. Onunla içsəm zəhər Ən ləzzətli yeməkdir. Həyatda örnəkdir o, Bizə, Daim şahidik. O, yaşasa yaşarıq! O, şəhidsə şəhidik! Gəlir Ofeliya xala, Qucaqlayır gəlini. Görən sızlar yanaqda Gözlərinin selini. – Qızım, getdi ağzımın Dadı, ləzəti, tamı. – Doğurdanmı, Anacan İtirmişəm İlhamı?.. * * * Keçdi, tutub qolundan Fərizənin Səadət, Etməyə bir otaqda Təsəlli dolu söhbət. Səadət Fərizəyə Yengədən çox dost idi. Qəmlərin “nəşə”sindən Hər ikisi “məst” idi. Təsəllilər verirdi: – Təmkinli ol, Fərizə, Bu fəryadlar içində Çox da görünmə gözə. – Altı ay keçib cəmi Toyumuzdan, Səadət. Onsuz cılız, dəyərsiz, Mənasızdır bu həyat. Çeşməsindən içmədim, Zəmisini biçmədim, İstisini canımdan Ayırmadım, seçmədim. – Necə dəyişdi hər şey Bir gündə, sanki röya, Təsəvvür eləməzdim Belə qansızdı dünya. – Qala bilməm İlhamsız Fələk saldı azara, Anam tövsiyə edib Ər evindən məzara. – Yadındadı, Fərizə, Gəzdik Dağüstü parkı. Sən dedin ki, nə çoxdu Bir bax şəhərlə fərqi. Kaş bir evim olaydı Buralarda bir zaman, Daim doğma Xəzəri Seyr edərdim, ay aman. – Hardan düşdü yadına Bunlar bu aralıqda. – Qazırlar şəhidlərə Məzar Dağüstü parkda. Danışıb ağladılar, Gah yavaş, gah ucadan. Beləcə düşdü axşam, Keçdi xeyli gecədən. Son dəfə də Səadət Təsəlli verib ona, Sağollaşıb bir daha Sıxdı onu canına: – Yaxşı... Getdim, Fərizə, Bir də gələcəm səhər. Sabah dəfn günüdür, Təsəlli al bir təhər. – Tək qoymazsan, Səadət Nolar məni qapıda. Gözləyəcəm lap erkən Səhər saat altıda... * * * Səhər gəldi Səadət Lap söz verdiyi vaxtda. Gördü yatıb Fərizə Cehiz aldığı taxtda. Sinəsində əlini Çarpazlayıb, duruxdu. Düşüncələr içində Qapıdan xeyli baxdı. Yıxılmış stəkanı, Dağılmış sunu gördü, Qımıldanıb dodağı Özündən nəsə sordu? Nədən düşümüşdü duyuq, Yol çəkirdi gözləri? Qəhər boğurdu onu, Tükənmişdi sözləri. Birdən düşünüb nəsə, Yaxınlaşdı yatağa Gördü “xoşbəxtlik” qonub Qaşa, gözə, dodağa. Gilələndi yanaqda Gözlərinin şəbnəmi Sızıldadı: – Ay, Allah Dərd dağıtdı sinəmi. Yox, əzizim, yatmırdı Bu məhəbbət dəlisi. Onun çiyninə qonub Bu gün ilham pərisi. İçmişdi erkən durub Məhəbbət şərbətini, Təsdiq etdi vüqarla Yara sədaqətini. Baxmadı o, ananın Fəryadına, ahına, Qovuşdurdu ruhunu İlhamının ruhuna... * * * Bu Fərizə, bu da İlham, Qaynadılar, qarışdılar. Dünyadakı sevgilərlə Meydan qurub yarışdılar. Haqqa doğru qanad açan Müqəddəs yoldu Fərizə. Sevgini Haqqda haxlamış Bir mayakdır yola, izə. Nə möhtəşəm sevdadır bu?! Təb endi Haqqdan İlhama. Coşub bu dəli sevgidən Fərizə gəldi ilhama. Birində Leyli qüdrəti, Birində Məcnun həvəsi. Biri Allahın sevgisi, Biri Tanrının nəfəsi. Biri gördü doğub Günəş, Durub naz etdi Ay kimi. Biri ləpə döyən dəniz, Biri coşdu gur çay kimi. Biri dondü Türk eşqiylə Şirin-şirin dinən saza. Haqq aşiqi sinəsindən Biri döndü qopan sözə. Birində Vətən eşqi var, Birində Haqqa sədaqət. Birində millət sevgisi, Birində xalqa sədaqət. Gömülüb ruhlar göyünə Mələk kimi süzə-süzə. Yaşayacaq ürəklərdə Daim İlhamlı Fərizə. * * * Bax, bu da... Dağüstü park, Möhtəşəm ev tikdilər. Burda qeyrət becərib, Saf bir sevgi əkdilər. İki qəbir, üç şəhid, Hər biri, sanki nərmiş. Ata, ana şəhidsə, Demə, körpə də ərmiş. Bura – müqəddəs ocaq, Sevənlərin and yeri. Millət, torpaq söyləyən Ərənlərin and yeri. Gələcəklər hər zaman Hər yerindən dünyanın, Sevgi olacaq onu Dərk eyləyib, duyanın. “Fərizə eşqi haqqı” Desən – puçdu gümanlar, Gələcəklər Tanrıdan Tanrı eşqi umanlar. * * * Baxın, əziz oxucular, Nələr olur bu dünyada. Bu əvəzsiz məhəbbəti Sanki görmüşəm röyada. Sevgi doğdu dünyamıza Duru eşqlə, saf həvəslə, Bu dastanı tamamlamaq Borcumuzdu müxəmməslə. * * * Baş vurdular səmalara, Ulduz olub, – dan, – dedilər. Şəhid olub bu torpağa Damarlardan qan, – dedilər. Məhəbbətdən nur yaradib, Hər yan çıraqban, – dedilər. Sən azad ol bu dünyada, Sinə yarıb can, – dedilər. Qüdrətdən bir çələng hörüb Can Azərbaycan, – dedilər. Bu sevgi Tanrı sevgisi, Haqqa məhəbbət eşqidir. İstək, təpər, arzu dolu Böyük bir həyat eşqidir. İlqar, vəfa dünyasında Qeyrət, şərafət eşqidir. Ürəklərə saf duyğular, Qəlbə sədaqət eşqidir. Boğun həyatda qəmləri, Olsun pərişan, – dedilər. Millət sevək İlham qədər, Fərizənin eşqi ilə. Sevgi günü qazandılar, Qanlarının haqqı ilə. Hər il sevgi bayramına Gedək bir tərəqqi ilə. Elbəyi, dolsun sinələr Məhəbbətin şövqü ilə. Qəlbinizdən kəm olmasın, Qürur bircə an, – dedilər. SON 20-30.01.2007 |
son derece başarılı birikimlerinizi
gün ışığında okuyucusuyla buluşturmanız
mükemmelin üstünde .
okuyup da kutlamamak elde değil
yürekten yüreğini kutlarım
yeni paylaşımlarda buluşmak üzere
yine beklerimi