Saçlarını sayaydım
Saçlarını sayaydım
Arzuların arasında azaydım, Quzu kimi qucağında qızaydım, Damla – damla ürəyinə sızaydım, Ürəyindən keçənləri yozaydım, Yaxşıların yaddaşıma yazaydım, Yamanların arasından pozaydım. Havalanma, hava aydın, hal aydın, Qələmqaşlım, qan, qadanı alaydım. Seyr edəydik ulduzları uzaqdan, Gen gəzəydik bəla, tələ, tuzaqdan, Tez solduran şaxta, soyuq, sazaqdan. Yarıyaydıq baxtdan, taxtdan, talaqdan, Yan olaydıq yalquzaqdan, yalaqdan, Aramızda bitən otdan, alaqdan, Çırmanaydıq dizə kimi balaqdan, Ay qaşına ayıl - mayıl qalaydım. Dağlar, daşlar çən – dumana büründü, Boz buludlar arxasınca süründü, Ömür dünən, ömür sabah, bugündü, Neçə canlar ələyində üyündü, Dərd sinəmdə düymələndi, düyündü, Dəli dünyam sənin səsin – küyündü. Başdan-başa min-bir rəngli boyaydım, Hər bir işi öz yoluna qoyaydım. Hüseyn, coşa canım, qanım, qələmim, Sığal çəkə tellərinə öz əlim, Hənirtili, həlim, ocaq, köz əlim, Vüsalına çatanadək döz, əlim, Görüş üçün göynər gözüm, gözəlim. Göy çıraqban, gecə aydın, Ay aydın, Şəvə kimi tellərini yayaydın, Sakit – sakit saçlarını sayaydım. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 05.09.2012-ci il |