Qocam demə
Qocam demə
(Şair-publisist Rəşid Faxralıya xitabən) Adam qalxar, adam enər, Dikələr də, ucalar da, Qorxusu yox, qocalar da, Hər alçağa ucam demə. Xırda - xuruş alar, satar, Tac alar da, bac alar da, Bacarmaz da, bacarar da, Hər baqqala xocam demə. Hər cavana, hər cahilə Ad almasa adam demə. Anlamaza bar nə demək? Balqabağa badam demə. Güc alaram əsən yeldən, Çağlar çaydan, coşan seldən, Dəmlənərəm “Sarı tel”dən, Qarışıbdı qafam demə. Yaqut, gövhər, ləl qədrini, Zər qədrini zərgər bilər. Sözün yükün sərraf çəkər, Söz-söhbətdə lafam demə. Ötən quşlar köçəridi, Gənclik gedər, ötəridi, Ölüm bundan betəridi, Ölümdən qorxmuram demə. Nə olar, Rəşid müəllim, Üzə vurma, keçib əllim, Dəymə Hüseynin xətrinə, Bir də ona qocam demə. ~~~~~~~~~~~~~~~~~~~~ 23.01.2012-ci il Qocalırsan (Rəşid Faxralı “Qocam demə” başlıqlı şerə qarşılıqlı cavabında) Dünya dağıldı, ay qağa, Dünya nağıldı, ay qağa. Cavan ağsaqqal olammaz, Qoca ahıldı, ay qağa. İllər ötür, illərindən Öz əlinlə bac alırsan. Mərdliyinlə dost-tanışın Qüruruna tac olursan. Gülmü çatar gülümüzə, Selmi çatar selimizə, Vurulubsan elimizə, Elimizdən güc alırsan. Sözüm sözünlə isinə, Düşsün sözün istisinə. Ağsaqqallıq zirvəsinə Bala - bala ucalırsan. Qoyma sel–su aşıb-daşa, Qəhər çökə ömrə, yaşa. Cavanlaşa – cavanlaşa Yaşdaşırsan, qocalırsan. ~~~~~~~~~~~~~~~~~~ |