9
Yorum
1
Beğeni
5,0
Puan
2273
Okunma
Doğum günümə
Bu doğum günümdə anıb gəldiniz,
Deməyin, sevincdən coşdum, a dostlar!
Bihudə dünyada bütün segimi,
Bir yolluq Allaha qoşdum, a dostlar!
Haqqın dərgahında törədib qəza,
Çəkməyə gəlmişəm dünyada cəza.
Çevirib dərdimi bir tavar saza,
Varlıqdan yoxluğa düşdüm, a dostlar!
Gerçək ərənlərdən şövqlə dən vurun,
Sevgiylə əyilin, sayğıyla durun.
Çölümdə nə var ki, içimi görün,
Mən eşqin odunda bişdim, a dostlar!
Qoy, təlaş etməsin karıxan ürək,
Mənsiz haray çəkib darıxan ürək.
Ümidlə döyünür qəm sıxan ürək,
Həsrətdən qaynadım, daşdım, a dostlar!
Məni qınamasın mənsiz qalanlar,
Müqəddəs varlıqdır mənim olanlar.
Ərşə bülənd olub ifrat yalanlar,
Əzəldən gözlərdə yaşdım, a dostlar!
Saxtalıq gəzişir bəzəkli sözdə,
Tanrını görmədim hər gülən üzdə.
Talelər yazılıb Lövhi-məhfuzda,
Kim deyir, - həyatda çaşdım, - a dostlar!
Elbəyi verəmməz doğru bir qərar,
Çünki olammadı məhrəmi-əsrar.
Məni eşq yolunda gözləməzmi dar,
Mənsur tək zirvələr aşdım, a dostlar!
15.01.2012
Elbəyi Cəlaloğlu
5.0
100% (6)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.