QaraqoyunluQaraqoyunlu Göyçə mahalının Qaraqoyunlu dərəsinə Qazaxdan boylandıq yenə yollara, Xiffətdən of çəkir Qaraqoyunlu. Qəlbini məngənə sıxıb elə bil, Dərdi də saf çəkir Qaraqoyunlu. Bir-birinə doğru əliuzalı, Gədəbəy elləri, Göyçə mahalı. Nəymiş Haqq yanında görən babalı, Düşünür, laf çəkir Qaraqoyunlu. Sönmür Xəryə dağın qəlbinin közü, Çömçəli bulağın zığlanıb gözü. Ağlayır, sızlayır, kövrəlir özü, Həsrətdən səf çəkir Qaraqoyunlu. Daracaq qayadan yoxdu bir xəbər, O daşlı bulaqdan qaynayır zəhər. Bəryavad kəndinə getsəydi bir ər, Görərdi nəf çəkir Qaraqoyunlu. Çayı dəm almayır Çaykəndin daha, Dərd Əmirxeyirə gəlibdi baha. Cıvıxlının sazı köklənib aha, Bəs nəyə dəf çəkir Qaraqoyunlu? Gizlənib kafirdən bəlkə Şirinsu, Axıdır meşəyə irin-kirin su. Meşəkənd olubdu indi dərin su, Durubdu ov çəkir Qaraqoyunlu. Hardasız, ay Gölkənd, ay Qaraqaya, Şeytanlarmı dolub yoxsa Tərs çaya? Elbəyi, özün get bu hay-haraya, Deməsin xof çəkir Qaraqoyunlu. Elbəyi Cəlaloğlu |