Sən ey Qarapapaq – Türkün nüvəsi!Sən ey Qarapapaq – Türkün nüvəsi! Zəfərlə çıxmısan hər bir oyundan, Turana doğmasan kökün, soyunnan, Oğuz ulusunun Göyər boyundan, Kutinin, Şumerin, Sakın nəvəsi, Sən ey Qarapapaq – Türkün nüvəsi! Aran var, Yafəs var, Nuh var qanında, Qorquddan ərmağan ruh var canında, Şaman şüurunda Oğuz xanın da, Yenidən canlansın “birləş” kəlməsi, Sən ey Qarapapaq – Türkün nüvəsi! Qarışmaz qanına əcnəbi qanı, Saflığın millətin şərəfi, şanı, Qalx ey! Qalx özünü yenidən tanı! Eşitsin Urmiya, Sulduz bu səsi, Sən ey Qarapapaq – Türkün nüvəsi! Qopar harayına Mehralı bəylər, Qarsdan, Ərdahandan, Tiflisdən gələr, Ulu ozanların ruhu dincələr, Duysa ilhamında coşan həvəsi, Sən ey Qarapapaq – Türkün nüvəsi! Gümrü, Cəlaloğlu göynəyər azı, Eşitsə qurd səsi, dinləsə sazı, Oyan, a Başkeçid, ey Qarayazı! Sussun əsarətin mənfur nəğməsi, Sən ey Qarapapaq – Türkün nüvəsi! Qara dəniz boyu izin var sənin, “Dədəyəm” deməyə üzün var sənin, Bilirəm gecin var, tezin var sənin, Çəkəcək Borçalı dəli nərəsi, Sən ey Qarapapaq – Türkün nüvəsi! Azadlıq görməyən sınar, əyilər, Ona nökər, mehtər, kölə deyilər. Qoy şəhid olsunlar yüz elbəyilər, Ərşə dayansa da ana naləsi. Sən ey Qarapapaq – Türkün nüvəsi! Elbəyi Cəlaloğlu |