SevmişəmSevmişəm Aşıb ali zikrlərdən gövhərdə can sevmişəm, Gözəllikdə yoxdu tayı, əsil canan sevmişəm. Əlim yetməz ətəyinə yolum kəsib alaylar, Adı pünhan, özü pünhan, sözü pünhan sevmişəm. Adın tutsam Mənsur kimi dara çəkəllər məni, Duyam gərək Yəsəvini, Bahəddini, Əmrəni. Görmək üçün “Cənnət” adlı çəmənzarı, gülşəni, Əsir olub yollarında heyran-heyran sevmişəm. Kimi sevmişdi Fəzlullah, kimi sevdi Nəsimi? Vurulmuşdu Molla Cuma, İmam Şamil, Nizami, Kimdi düzən yerə, göyə bu boyda intizamı? Haqq-ədalət, saf məhəbbət, ədəb-ərkan sevmişəm. Boyun əyib mürşidimə, əlin öpdüm şeyximin, Saz sinəmdə, haqq dilimdə, saflıq eşqimə zəmin. Gəmim sınsa dəryalarda, könül qərq olmaz, bilin, Mövlam saxlar pənahında, gör nə divan sevmişəm. Tutub şəriət yolunu, anladım təriqəti, Maarifətdən keçdi könül bulmağa həqiqəti. Qismət olsa Elbəyiyə ən böyük ziyarəti, Deyər – mən də bu dünyada bir zərnişan sevmişəm. Elbəyi Cəlaloğlu |