Şairlərə ithafŞairlərə ithaf Amansız baltalar, qansız külünglər Başından vurdular – durdu ayağa. Löyünsüz çəkiclər, yöndəmsiz linglər Döşündən vurdular – döndü dayağa. Dağlandı sinəsi karvan yolunda Ötüb keçənlərə görk olsun deyə. Buxov ayağında, qandal qolunda Çiynindən basdılar – ucaldı göyə. Doğrandı ayağı, çapıldı qolu, Haqqın ətəyindən tutdu, yapışdı, Ovuldu gözləri, kəsildi dili, Yenə haqqı gördü, haqqı danışdı. Çatıyla bağlandı atın dalına, Çapıb sürüdülər belədən belə, Gözləri doymadı bu işgəncədən, Çarmıxa çəkdilər, dönmədi yenə. Asdılar, kəsdilər, dara çəkdilər, Zülmü gözləriylə çeynədi, yedi. Soyuldu dərisi ətlik mal kimi, Hayqırıb bəşərə “ənəlhəqq” dedi. Yenidən zühr edib göründü gözə Millətin içində, xalqın yanında, O nə doğulmadı, o nə ölmədi, Sanki Allah imiş şair donunda. Töküldü Günəşdən, süzüldü Aydan, Ürəkdən ürəyə keçən ruh oldu. Toy günü zurnaya, qopuza döndü, Vay günü vaysınıb nalə, ah oldu. Dərviş libas olub gəzdi elləri, Hər kəsə bir hikmət, bir məna açdı. Duyğulara qondu kəpənək kimi, Şövqündən çiçəklər min sənə açdı. Güllərdən bal yığdı, şirə topladı, Dillərə buladı, dodağa çəkdi. Sazın toxumunu, sözun tumunu, Düşüncəyə səpdi, duyğuda əkdi. İnsan sevgisini, Tanrı eşqini Doldurdu buz qəlbə, daş ürəklərə. Vətən qeyrətini, milli qüruru Payladı, payını götürdü hərə. Özü nura döndü, ipəyə döndü, İşıq oldu gözü görməyənlərə. Bu, peyğəmbər imiş, bu, şairimiş, Qondu mələk kimi saf çiyinlərə. Mən indi anladım, dəyişir zaman, Bir donda ötürür tarix hər ili. Doğulmur, dəyişmir, ölmür şairlər, Necə ki yaşayır hələ Füzuli. Elbəyi CƏLALOĞLU |