Qərib qəbirlər
Qərib qəbirlər
(Şamaxıda yol üstündəkı tək türk əsgərinin məzarına xitabən) Təklənmisən a tək qəbir, Tanrım vermiş sənə səbir. Dindirirəm, dillənmirsən, Ay insafsız, desən hə bir. Qərib qəbir yol üstündə, Can verdinmi qol üstündə? Ağlandımı bol üstündə? Anlatsana azan qəbir. Hər dərdin öz təbibi var, Hər ölümün səbəbi var, Qərib qəbrin səbiri var, Təklənmisən nədən, de bir. Sənin kimi tək qəbirlər Səpələnmiş qərbdən şərqə. Düşünsən məzar düşərgə, Düzülmüsən cərgə - cərgə. Tək qəbirlər qəribliyin Əlaməti, simvoludur. Zaman-zaman uzaqlaşan Qohumluğun bir qoludur. Yol üstündə a tək qəbir, Diyar məzarla doludur, Bu yol qəriblər yoludur. Təsəllisən, təmkinlisən. Sağ qəriblər səpələnmiş Yer üzünə milyon-milyon. Sağlığında sən heykəl yon Qəriblərə, a tək qəbir. Budurmu alın yazısı,- Daşlara həkk olan yazı? Niyə susmuş, niyə ötmür Qəhər dolu bir qəm sazı? Çünki mən özüm qəribəm, Nə ağayam, nə də bəyəm, Bəyəm belə qəribəyəm? Qəyyumum ol Qərib sazı. Dağım qərib, bağım qərib, Qarabağa gavır girib, Paşalarım, zaman gəlib, Gəbərsin gavır, tək qəbir! Borçalım qəribdi, Göyçəm qəribdi, Dərbəndim qəribdi, Təbrizim qərib, Sızlayan sinirlər sinəmi gərib, Gərəyim söyləyir, görsən tək qəbir. Qəriblik, qəmginlik bizəmi qalıb? Dağ dərdi çəkmək də düzəmi qalıb? Əllini aşırdıq, yüzəmi qalıb? Qaraltma qanını, qayğılı qəbir. Hüseyn, bəyəm mən bəbəyəm, Dünyanı görmürəm bəyəm. Çünki qərəzli qəribəm, Ona görə tək qəbirəm. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ |