Nə qədər ki, canda can var, Ay dağlar
Nə qədər ki, canda can var
Dərə, təpə, çöl–çəmənin, çəhlimin, Könül açar, göz oxşayar çiçəyin, Lalələrə bürünəndə ətəyin, Ətir saçar bal pətəyin, a dağlar. Əzız, ləziz tər ləçəyin, nədəndi Sapsarıdı saç–birçəyin, nərgizim? Əmanətdi səndə ayağ, əl izim, Didik-didik dirsək, dizim, a dağlar. Quşların səsinə qulağ asardım, Möcüzəli bir aləmdə azardım, Bənövşədən dərər dəstə bağlayar, Balam kimi öz bağrıma basardım. Soyumuşam, buraların buzuyam, Dad-amanın dadı - tamı, duzuyam, Quran haqqı bir qurbanlıq quzuyam, Məlhəm deyib mələyərəm, a dağlar. Qəriblikdə qədər, qəhər, qəm yükdü, Qəzalar yüngülcə qəddimi bükdü, Qəbul eylə, qəbahətim böyükdü, Bağışlasan baş əyərəm, a dağlar. Yorğunuyam yoxuşların, yolların, Uzanardım kölgəsində kolların, Sənnən ötrü uzalıdı qollarım, Qurban olum, qucaqlaşaq, a dağlar. Qar qıymasan ürəyimə yan deyəm, Qayğılıyam, qayalara qan deyəm, Yenilsəm də yenə sənə can deyəm, Nə qədər ki, canda can var, a dağlar. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Ay dağlar Sevda dolu seyrangahı Seyr etdim, sezdim, ay dağlar. Köks ötürüb, “eh” etməkdən Beləcə bezdim, ay dağlar. Boylanaraq sağa, sola, Soluxub, soldum, ay dağlar. Hoylanaraq yaraları, Yazda da yandım, ay dağlar. Sanki qəflətdən oyandım, Bir anlıx durdum, dayandım, Bizim bağlara boylandım, Bomboz boyandım, ay dağlar. Bu dərd məndə köhnə, əzəl, Dilim nəşə, nəğmə, qəzəl, Xəyallarım xəzan, xəzəl, Xəbəriniz varmı, dağlar? İllərdi sizdən ayrılı, Aylarla sağlı – sayrılı, Siz ağrılı, mən ağrılı, Anladım, andım, ay dağlar. ~~~~~~~~~~~~~~~~~~~~ Bakı şəh, 23.11.2010-cu il |