O dağların qoynunda mən
O dağların qoynunda mən
Yer - yemiş ha deyiləm, Dilimlənəm, yeyiləm, Qəm çəkən də deyiləm, O dağların qoynunda, mən. Kərə kimi ərisəm də, Bir sümük, bir dərisəm də, Dədə, əl çəkən deyiləm, O dağların qoynunda, mən. Yaylaq mənim, yal mənim, Bala mənim, bal mənim, Bu sinəmdə xal mənim, O dağların qoynunda, mən. Ətək mənim, əl mənim, Lalə mənim, ləl mənim, Mehdi mənim məlhəmim, O dağların qoynunda, mən. O sallama, sal qayalar, Neştər kimi şiş qayalar, Oy deməm, gözüm oyalar, O dağların qoynunda, mən. Əriyərəm buzu kimi, Səpilərəm duzu kimi, Kirimərəm quzu kimi, O dağların qoynunda, mən. Qoy azdırsın sıx duman, çən, Güllü, çiçəkli çöl - çəmən, Çeşid çeşmələrdən əmən, O dağların qoynunda, mən. Zümzüməli bulaqlar, Sizsiz zar - zar ağlaram, Çağırarsız çağlaram O dağların qoynunda, mən. Göyərərəm otu kimi, Səslənərəm notu kimi, Kef çəkərəm lotu1 kimi O dağların qoynunda, mən. Nazlanaraq gəl - gəl deyər Geyəndə əlvan donunu, Görməyəm xəzan sonunu, O dağların qoynunda, mən. Ay Səngərli, səhər yeli Qoy oxşasın tellərini, Xoşbəxt görüm ellərini, O dağların qoynunda, mən. ~~~~~~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.Lotu – burada xoşbəxt, məmnun mənasında. 20.08.2011-ci il |