Öz havam
Öz havam
Bu hava nə “Cütcü”dü, Nə “Cəngi”, nə “Cəlili”. Hər hava oynadanmaz, Əşi məntək zəlili. Mənim özgə havam var, Dərmanım var, davam var, Ovqatımı oynadan “Vağzalı”m var, əməlli. “Qoçəli” qaçdı – qovdu, Bu oyun dəlisovdu, Dədə, dərd məni ovdu, Aman versən, ay əlli. “Heyvagülü”m heyləyər, “Tərəkəmə”m teyləyər, Sazda “Məmmədbağırı”m Bağrımı qan eyləyər. Allı – güllü çəmənlərin Süsəni var, sünbülü var. Hər bülbülün öz gülü, Hər gülün öz bülbülü var. Bülbülün öz nəğməsi, Şirin ləhcə, kəlməsi, Kəsər qarı, boranı, Sanki yazın gəlməsi. “Divani”də düzülləm, “Qaraçı”da süzülləm, Caz çalınsa üzülləm, Onda çatmaz, az havam. Susuz göldə olmaz qaz, Cazdan sənə olmaz yaz, Ay Səngərli, yaz az-maz, “Sarıtel”də saz havam. ~~~~~~~~~~~~~~~~~~~~ 31.07.2011-ci il |