Görmüşəm
Görmüşəm
İki görən gözüm var, Sinəmdə od, közüm var, Söylənəsi sözüm var, Azdan-çoxdan görmüşəm. Adam var atəş, közlə, Adam var ağlar gözlə, Adam var dağlar sözlə, Dağılmışlar görmüşəm. İnsanın gözü güzgü, İçi çöldən oxunan, Ona – buna toxunan Harın, toxlar görmüşəm. Qalınlığı genində, Gödənində, gönündə, Gədələrin önündə Gədə - güdə görmüşəm. Quyruqlarda sürünən, Sülaləsi sülənən, Murdar süd əmənləri Suçlu, susan görmüşəm. Öldürən, döyənləri, Özünü öyənləri, Haram mal yeyənləri, Halət qusan görmüşəm. Şətəl, şərəfsizləri, Şər - şəpət deyənləri, Sözgəldi söyənləri Şəxsən sönən görmüşəm. Düz yolunu azanlar, Haqqa quyu qazanlar, Yoğunlar, yolsuzları Yoldan dönən görmüşəm. Müxtəlif səviyyələr, Xoflanar xəfiyyələr, Hikkəlilər, hiylələr, Pusqu, pusan görmüşəm. Bişmişini, çiyini, İyrəncini, iyini, Piylisin, piysizini, Pis insanlar görmüşəm. Əbləhlərin önündə İkiqat əyilənlər, Gövşəyən, gəyirənlər, Əfi, əfəl görmüşəm. Bu dünya yaxşılardan, Yamanlardan ibarət, İblis bir, biri ibrət, İlanlar da görmüşəm. Biri deyir cənnətdi, Biri deyir cəhənnəm, Bir üz quru, biri nəm, Nəm-nüm, nələr görmüşəm. Ölmüş dirilər, sağlar, Neçə sinəsi dağlar, Lallar, laçınlar, lağlar, Ağlar, mələr görmüşəm. Bu dünya xali deyil, Yaxşılardan, yaxşı var, Hər kəsin baxışı var, Axan, baxan görmüşəm. Adam var alim, dürdü, Üzü, həm sözü nurdu, Adam var, ona hürdü, Düdəmələr görmüşəm. Adam var üzə durdu, Qaş eylədi, göz vurdu, Gözünün ölməz qurdu, Qudurmuşlar görmüşəm. Adam var, 140 sıxır, Adam var, baş, üz qırxır, Adam var, cin, cib qırxır, Cin, şeytanlar görmüşəm. Əl qabar, bel palanlar, Xanimanı talanlar, Əfsanələr, yalanlar, Əfsuslar ki, görmüşəm. Hüseyn, açdın yüzünü, Əyrisini, düzünü, İnsanın iç üzünü, Buyur, busan, görmüşəm. ~~~~~~~~~~~~~~~~~~~~~ |