GÖRDÜM
Bu dünyada nələr var, ədalətdən savayı,
Ucadan danışanı şər üstə yatan gördüm. Adi hala çevrilib xəyanət başdan-başa, Qardaşı qara pula həmişə satan gördüm. " Haqq " deyənin bağlanır bir anda əl-ayağı, Həqiqətin tapılmır arxa duran dayağı. Meydan açıb yalanlar, bütün sözlər bayağı, Çox adam şeytan olub, aranı qatan gördüm. Oğrular başa çıxıb, başda cövlan eyləyir, Doğrular dərdə düşüb, sözü dərdlə söyləyir. Zəmanə öz çarxını bataqlıqda əyləyir, Düzlüyə çalışanı ortada batan gördüm. Allaha baxanmı var? İnam çölə tökülüb, Ar-namus ortalıqdan, demə, çoxdan əkilib. Hiylə-kələk dəbdədi, qeyrət yoxa çəkilib, Bir-birinə kəf gəlib, yamanca atan gördüm. Ay Əflatun çox demə, daha səbrin daralar, Sözlərin öz qəlbini didib tökər, yaralar. Xoş günə həsrət qalıb kasıb bəxti qaralar, Əyri yolla var yığıb, özünü tutan gördüm. |