DAĞLARŞiirin hikayesini görmek için tıklayın Nə isə, mənim də qismətimə dağlar haqqında qəmli şerlər yazmaq düşüb. Özüm Dağ Borçalıda anadan olmuşam, Aran Borçalıda ömür sürürəm. Hərdənbir yaz-yay aylarında gedib o müqəddəs dağları ziyarət edirəm. Bir dəfə yenə yaz vaxtı yönüm Başkeçid dağlarına düşmüşdü. Kəndlərin çoxunu boşalmış, dağları pərişan gördüm. Çox mütəəssir oldum. Dilimdən bu kəlmələr süzüldü:
Bir danışsan gördüyünü,
Niyə yoxdur dilin dağlar? Boşalıbdır kənd-kəsəyin, Hanı sənin elin, dağlar? Obalara köç düşəndə, Ağladınmı duman-çəndə, Nə vüqardı belə səndə, Qırılmadı belin dağlar? Söylə görüm bu yaşında, Dərdmi durur ağ başında? Gözəllərsiz o döşündə Açılırmı gülün dağlar? Gələcəkmi o çağların, Coşacaqmı qoçaqların? Pərişandır saçaqların, Tökülübdür telin dağlar. Əflatunam mən gümanda, Möhnətin var şirin canda. De sən handa, bu gün handa, Necə keçir ilin dağlar? |