Nizami Məmmədzadənin şeirləri
Nizami Məmmədzadəyə yalnız şair demək azdır. Hərçənd ki, onun şeir inciləri o dərəcə də cəlbedicidir ki, onlarla tanış olanlar başqa xəyala düşmürlər. Ancaq Nizaminin jurnalistlik fəaliyyəti, tədqiqatçılığı heç nəyi ilə poetik təfəkküründən geri qalmır. Uzun illər müstəqil "ZİYA" qəzetinin nəşri Nizami Məmmədzadənin adı ilə bağlıdır. Xeyli əvvəl APA-nın Gürcüstan üzrə xüsusi müxbirliyi yolu ilə o, Gürcüstan həqiqətlərini Azərbaycan oxucularına çatdırır. Ancaq, görünür, hərdən Yuxarı Saraldan Babakərə, Sınıq Körpüyədək boylananda Nizaminin keçirdiyi hisslər, arzu və düşüncələr poetik misralarda daha uğurla səslənir. Şairin aşağıda dərc olunan şeir nümunələrini oxuduqda bu həqiqətin şahidi ola bilərsiniz.
"Gürcüstan" qəzeti 2012-ci il. Bu dünya bir nağılıymış... Elə bil bu dünya bir nağılıymış, Burda öz bəxtini seçərmiş hərə. Ömür dediklərin nağıl yoluymuş, Üç alma düşərmiş göylərdən yerə! Şirinmiş, noğulmuş alma bu qədər, Alma taleyimi həll eyləyərmiş! Allahım, sən mənə bir alma göndər, Əjdaha qanadın üstümə sərmiş! Kədərin, xəyalın sonu varıymış, Düzlük – adamlara ölçüymüş demə. Sevincin, məlalın sonu varıymış, Məhəl qoyan yoxmuş kədərə, qəmə. Eh, babam, diriykən gömülmüşük biz, Savankən saçımız ağarıb tamam. Bu günlər sevinc yox, artıb qəmimiz, Bizlərdə sabaha qalmayıb inam. Çörəyin dadı da, tamı da yoxdur, Bu doğma zəmanə yaman yadlaşıb. Eh, babam, indisə almalar çoxdur, Di gəl ki, ağaclar dibdən cırlaşıb! Bir incə mənalı şeir söyləyəm. Şeir... Gözəllik qəlbimin kövrək simidir, O saat dinəcək çalsan, ay gözəl. Bu baxış ömürlük mənim bəsimdir, Şirin xəyallara dalsan, ay gözəl. Füsunkar meşələr, şır-şır bulaqlar, Məni bu dünyaya bağlayan teldir. Çağırır qoynuna məni yaylaqlar, Gördüyüm mənzərə çiçəkdir, güldür. Nağıla bənzəyir mənim bu ömrüm, Bilmirəm, almanı necə bölüm mən. Alnıma yazılıb bu eldə ölüm, Yad yerdə, ölkədə necə ölüm mən. Bir bahar çağında yazdım bu şeiri, Mənim Saral elim bax belə eldir. Qarşına çıxarsa, qoca-ixtiyar, Onun hər kəlməsi şirincə dildir. 2 iyun, 2001-ci il, Yuxarı Saral kəndi, Borçalı. Sairmedə Qayaların sərt baxışı üzdü bizi, Yağışlardan tuta-tuta göyə çıxdıq. İldırımlar eşidərək səsimizi, Bir palıdın sinəsinə alov çaxdı, Sairmedə! Günəş çıxdı, şehli çəmən qucaq açdı, Oğul-uşaq hər tərəfə cumub qaçdı, Dərə boyu duman-çən də qucaqlaşdı, Sairmedə! Könlüm evi bu sevincdən ilham aldı, Sairmedən mənə neçə şeir qaldı, Gördüm dilim, əlim, sözüm şirin baldı, Sairmedə! Çəmənlərdə çiçəklərin balı gözəl, Bu dağlarda yamacların yalı gözəl, Nizaminin bu ormanda halı gözəl, Sairmedə! 2014. |