Seir mənim üçün nədir?Şeir mənim üçün nədir? Həzrət Məhəmməd (s) buyurub: «Şeir əzbərləyin ki, nitqiniz gözəlləşsin!» Şeir – Quranın dililə desək «afaq» (təbiət) ayələrindən olan dağdır,dərədir,düzdür, yaldır, yamacdır,yoldur... Şeir - Vətəndir! Hər misrası ox olub düşmən bağrı dələn vətən!.. Şeir - qönçədir,çiçəkdir,yarpaqdır,yanağı qırmızı almadır-xoş rahiyyəsi ilə bizi məst edir. Şeir - füsunkar təbiətinə bütün varlığımla vurulduğum, şəhanə gözəlliyə malik Borçalı təbiətidir-Muşul meşələridir, Babakərdir,Yağlıcadır,Yastıqardır, Armudludur,Şamdüyədir,Dar-daşdır,Şiş qayadır, Xırman təpədir,Yəhər təpədir, Sürü daşdır... Şeir - Ağca qalamızdır, Koroğlu qalasıdır, Qızlar qalasıdır, Sənan dağıdır... Şeir - pəhləvanın biləyidir, igid ərənlərimizin gücü-qüvvətidir. Şeir - bu ellərin ağbirçəyidir,ağsaqqalıdır-tarixidir. Şeir – Sınıq körpüdür, Xram çayıdır, Təvətöydür... Şeir - ürəklərin qəmini,kədərini ram edən,İlahi qüvvəyə malik ilham Pərisidir,nadir gözəlliyə malik su Sonasıdır, bulaq başından sallana-sallana gələn Salatındır, gözəl əndamını, ayna üzünü, sədəf dişlərini yara göstərən Sənəmdir! Şeir - Əslidir, Kərəmdir, Leylidir, Məcnundur. Şeir - Qəribdir, Şahsənəmdir... Şeir - sazdır, pərdələri daim od tutub, alışıb yanan telli saz. Şeir - mizrabdır, saz üstə çağlayan mizrab... Şeir - yara qovuşmaq üçün daim can atan Məhəbbətdir,Sevgidir... Bu Sevginin Dili də var, Ağzı da! O,bəzən danışır, bəzən də danışa bilmir. Şeir - baxışdır. Nazlı baxış. Bu baxışlar sevgilisinə nəzər salmaqla öz sözünü deyir, rəssam kimi gözləri ilə sevdiyinin surətini yaradır... Şeir - səadətdir,sevincdir. Bu sevinc ömrü boyu səadətdən xoşbəxtlik tapmış Sevgini yaşadır, ömrünü uzadır. Bax, bu Şerdir! Şeir - Sənsən, Mənəm, Odur,-a bala, - deyə atam həmişə mənə belə deyərdi. Biz olmasaq, heç şer də olmazdı, şerin misraları da! Şeir - bədahətən adamın beyninə dolur və söz-söz, misra-misra doğulur,sonra bir yerdə həzin-həzin səslənir. Misralar şeirin qolu-qılçasıdır, məna isə onun gözəlliyidir. Bunların hər ikisi bir yerdə olanda şeiri oxuyan adam da bəxtiyar olur. Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm yaxşı şer oxuyanda! Şer də övlad kimidir. Ana öz övladına layla çalıb, əziyyətini çəkib böyüdərək pərvazlandırdığı kimi, biz də şeirlərimiz üçün əsir, dərc etdirərək oxucuların ixtiyarına veririk. Şeirin gözəlliyi ondadır ki, şer axsın,çağlasın,coşub-daşan dağ çayları kimi kükrəyib özünə yol açsın, sal qayaları vurub dağıtsın,məramına, məqsədinə,arzusuna çatmaq üçün,dənizlərə qovuşmaq üçün mərdi-meydana vuruşsun! Şeir - silahdır, topdur, tüfəngdir. Amma bu söz silahıdır. Atalar yaxşı deyib:«Qılınc yarası sağalar, söz yarası sağalmaz». Böyük sərkərdə Şah İsmayıl Xətai ona görə də döyüşə yollananda ilk öncə söz adamlarını, sənətkarları qoruyardı. Biz ölsək, məhv olsaq da qoy söz deyənimiz, tarix yazanımız olsun,- demişdir. Şah babamızın özü də incə ruhlu şeirlər yazar, poeziyaya, musiqiyə həvəslə qulaq asar, yaxşı şeirə öz qiymətini verərdi. Şeir - illər, əsrlər boyu adamlara rahatlıq verir, bir içimlik su kimi yanğını söndürür,isərinlik gətirir, bizi yaşadır... Şeir - həyatdır. Bu sonsuz həyatın son ucuna çatmaq üçün şeir qoşuruq. Görəsən, həyatın hərbə-zorbasına tab gətirəcəkmi bu şeir? Yoxsa, elə birinci çəkişmədəcə ortadan gırt-yarı qırılacaq. Eh,nə bilim, onu Allah bilir, bir də ki, bəndələr... Şeir - Quran ayəsi olan « İnna lillahi və inna iləyhi raciun»-un (Həqiqətən biz Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq) ayrılığından doğan dərdin dilə gəlməsidir. Şeir – ilhamdır, bizi haqqa-ədalətə səsləyən ilham. Allah kəlamları ilə dolu ilham. O böyük Tanrı tərəfindən peyğəmbərlərin qəlbinə vəhy verildiyi kimi, şairlərin də qəlbinə nurlu mələklər vasitəsi ilə ilham bəxş edilir. Şeir - mənim üçün,Tanrıya qovuşmağın fəraqında şam kimi əriyən ariflərin razu-niyazıdır. Şeir - Şeyx Nizaminin, Füzulinin, Nəsiminin qəlbindən qopub çağlayan ilahi eşqin alovu-atəşidir. Şeir - Allahın ən əzəmətli ayəsi olan insanın varlığının tərənnümüdür. Şeir - ruzidir, qismətdir, çörəkdir, taxıl zəmisidir. Söz bolluğundan yaranır şeir. Bir ovuc dəni torpağa səpəndə necə çıxırsa, bir neçə yaxşı, müdrik, dahiyanə deyilmiş kəlmədən də yaxşı şeir yarana bilər... Şeir - oddur-alovdur. Bir acı söz və yaxud bir xoş üz lazımdır ki, şairin sinəsindən şer çağlaya, coşa... və yaxud şairi yandırıb yaxa! Söz vaxtında deyilirsə-heç vaxt öz qiymətini itirmir. Vaxtında deyilmiş söz şairlərdən oxuculara yadigar qalır. *** Şeir - Aşıq Cünunun sazının simlərindən qopan həsrət nəğmələridir. O,vətəni, eli,dili sevən hər kəsin dodağından süzülüb gənclərimizi Yurdu, Torpağı, Anaları sevməyə və qorumağa çağırır. Şeir - Allah kəlamlarıdır. Qətrə-qətrə, damla-damla, zərrə-zərrə insanın sirlə-sehrlə dolu beyninə hopur və oradan Günəşin zərrin şəfəqləri kimi aləmə yayılır. Günəş aləmi - təbiəti, dünyanı yaşatdığı kimi, şeir də bizi yaşadır, müqəddəs kəlamlarla dolu bir aləmlə qovuşdurur. Allahın hikmətinə sahib olmaq istəyirsinizsə şer oxuyun,çünki o da Allah kəlamlarıdır. Bu hikməti oxuyanın ürəyi saflaşar,arzuları aşıb-daşar, ümidləri doğrular... Şeir - möcüzədir. Onun möcüzəsindən təskinlik tapan insanlar mənən dincəlir,rahatlıq tapır,hətta yaxşı şeiri oxuyub yatanda da yaxşı yuxular görürlər. Şeir - paklıqdır, təmizlikdir, insanı kamilləşdirən bir Allah vergisidir. Peyğəmbərimiz (s)-da şeiri və şairi qiymətləndirməyi ən böyük savab adlandırmışdır. Çünki şailər iman yolunda qərar tutmuşlar və daima xalqı imana, birliyə çağıran şəxslərdir. Peyğəmbər (s) demişdir: «Şeir bir sözdür; gözəl olanı da var, çirkin olanı da. Sən gözəlini götür, çirkinini at!»-deyə öz fikirini bildirmişdir. Şeir - bizim görən gözümüz, vuran qolumuz, iti sözümüzdür. O, ildırım tək çaxa bilir, o,ley kimi düşmən üstünə şığıyır. O,bağrı al-qan olan lalə kimi gözəldir, nazlı bir sənəmtək işvəlidir, nazlıdır. Şeir - ömrümüzü artırır. Bizə ruh verir, qida verir. Çörəklə doymaq olar, sözlə doymaq olmaz. Sinəmiz dəmirçi kürəsi kimi yanır, alovlanır. Eşqi, Sevgini söz söndürür, şeir misraları onu ram edir, cilovlayır, sonra isə səkilli səmənd kimi Sevgini hara istəyirsən yönəlt, çevir, çap... Şeir - köhlən atın yalmanına yata-yata, çapa-çapa gedəndə üzünə dəyən, səni hər an sığallayan küləkdir. Şeir - Vətəni qorumağa gedən igidin el-oba, torpaq, ailə barəsində düşüncələridir. O, daima əsgəri ruhlandırır, ona qarşıda düşmən, arxada Vətən, Ana, Torpaq olduğunu xatırladır. Bir də gördün əsgərin dilindən Vətən duyğulu kəlmələr süzülüb gəldi. Həzin-həzin, kövrək-kövrək... Oğul istərəm ki, bu həsrət nəğmələrindən güc almaya... Şeir - bulağın saf gözündən axaraq, al qayalardan süzülərək, gül-çiçəyin ətir dolu qoynuna axan dumduru Sudur. Sərin-sərin torpağa hopan, ovuclarımızı qoşa-qoşa doldurub oxqay deyə içdiyimiz Su! Böyük Nizami demişdir: Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar!.. Qəlbimin dərinliyindən həmişə bir sual boylanır, görəsən, şeiri mənimsəyən, duyan, qavrayan insanlar necə olur? Əsl insan - şeir sevəndir. Yadınızdadırmı, «Koroğlu» dastanında Koroğlu qul ərəbi özünə dəli götürəndə Dəmirçioğluna deyir ki, sən bir bu qulun qollarını tut, mən saz çalacağam, əgər ona mənim çaldığım saz, oxuduğum söz təsir etdimi, ondan Koroğlu dəlisi çıxacaq. Yoxsa... Bax, söz də belədir. Koroğlu məclislərində söz söylənilərdi, gözəllər tərif olunardı, onları Çənlibelə gətirmək üçün say-seçmə igidlər bəllənərdi, sonra şirin badə içib səfərə yollanar, döyüşə-döyüşə dava edərək Çənlibelə gəlin gətirərdilər. Aşıq Cünun saz çalar, qırx gün, qırx gecə toy vurulardı... Şeir - həmişə sızıldadan, kövrəldən və ağladan Şəhid nəğmələridir. Elə nəğmələr ki, ömrümüz boyu bizi için-için ağladır və odsuz-ocaqsız yandırır... Yanan alovun hər dilimi də şerdir. O, insan əlinə, içinə düşdümü yandırır, qarsalayır... Şeir - coşqun çayların sahillərini birləşdirən körpüdür. Bu körpü lal sularda olmur. Bu - dəli, şaqraq, saf sularını yalçın qayalardan atan şəlalələrdə, özünü sahillərə çırpa-çırpa dənizlərə doğru həsrətlə can atan çaylarda olur. Şeir - çöldə-çəməndə çiçək-çiçək, qönçə-qönçə, ləçək-ləçək uçan arının xortumundakı baldır, şirədir, məlhəmdir... Arılar da şairlər kimidir. Zəhmətkeş, çalışqan, bolluq yaradan bir məxluq. Arı zəhmət çəkib bal toplayırsa, şairlər də söz bolluğu yaradaraq əsərlər yazırlar... Şeir - bəxtimizə yazılan aydır, gündür, dəqiqədir, andır... Bu anlar, dəqiqələr birləşərək sinəmizdə vəfasız illərin sinəsinə yazacağımız şerin misralarını yaradır... Görürsünüz, bir andan da şeir yarana bilir. Şeir - güzgüdür. Həyat güzgüsü. Bu güzgüdə hər kəs özünü görə bilər və özünün necə adam olduğunu düşünər... Şeir - həyatdır. Onun Havası da var, Suyu da! Pis şeiri (mən ona heç şeir deməzdim) oxuyanda mən elə bil ki, havasız bir yerdə otururam. Yaxşı şeiri oxuyanda isə sanki uca Ləlvərin (Borçalıda dağdır) əsrarəngiz zirvəsindən ucu-bucağı görsənməyən şahanə Borçalı ellərinə boylanaraq bu gözəl tarixi Vətənimizi sevmək, sevmək ... onun gözəl hüsnünə şirin-şirin qoşmalar, gəraylılar, bayatılar... qoşmaq istəyirəm. Bu istək məndə hər an yarana bilər, çünki mən hər an yaxşı şeirin sorağındayam... Nizami MƏMMƏDZADƏ, "ZİYA" qəzetinin baş redaktoru |