Bənövşəni
Bənövşəni
(Bənövşə şeirinə bir başqa nəzirə) Başına mən dönüm, a nazlı dilbər, Ört üstün, üşüdər qar bənövşəni. Yarpız tək qoxula, yar qoynuna qoy, Saxlasın əmanət nar bənövşəni. Təlaşa salmasın tərs əsən yellər, Yellənər başında pərişan tellər, Ovmasın kökünü o, coşan sellər, Zarıyan görməyim zər bənövşəni. Bəzəkdi çəmənə, yaraşıq çölə, Gözəllər gözəli bənzər göy gölə, Gözü götürməyən bədnəzər ölə, Üzməyin tərsinə tər bənövşəni. Nə qəhər, nə qəmgin, nə qəm görməsin, Nə acı göz yaşı, nə nəm görməsin, Güdəboy, gülümsə, nənəm görməsin, Ağbirçək bəyənməz hər bənövşəni. Bilirəm, bilirəm, bahar qızısan, Bənövşəm, ləçəyin ağ, qırmızısan, Hansı bəxtəvərin bəxt ulduzusan? Ay canım, car etdiz, car bənövşəni. Hüseyn, intizarda, illah da yazda, Nəğməsi dodaqda, söhbətdə, sazda, Kim gözəl görübdü bir belə nazda? Xanəndə xar etməz, xar, bənövşəni. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 08.03.2013-cü il |
selamlar saygılar