Ağla bu halıma, ağla “«Kərəmi»”!
Ağla bu halıma, ağla “«Kərəmi»”!
Aşdıqlarım dağmı, düzmü, dərəmi, Keçdiklərim keçid, bəndmi, bərəmi, Dərd sinəmdən dərmiyəmi, dərəmi, Ürəyimdə yığılan yağ, kərəmi? Ağla bu halıma, ağla «Kərəmi»! Kərəm köçdü, bu dünyada Kərəm mən, Aşiq mənəm, Məcnun mənəm, Lələ mən, Şəkil mənəm, şəhid mənəm, şələ mən, Ölməmişəm, yaşayıram hələ mən, Ağla bu halıma, ağla «Kərəmi»! Gədikləri kəs demərəm, kəsmə gəl, Boran, tufan, çovğun olub, əsmə gəl, Qaraçı gəl, Qaytarma gəl, kəsmə, gəl, Şikəst eylə, şikəstə gəl, şəstlə gəl, Ağla bu halıma, ağla «Kərəmi»! Dağlayırsan dağı, daşı, amandı, Yandıranda yaş yanağı yamandı, Qara saçım qar, qarıdan zamandı, Qorxmursanmı, ağı içən ayamdı? Ağla bu halıma, ağla «Kərəmi»! Məndə bir ilham var, səndə bir ilham, Elə bilmə taxt-tacım var, şad, şaham, Ağrıyam, acıyam, amanam, aham, Necə deyim, nə cür qandırım daham? Ağla bu halıma, ağla «Kərəmi»! Yaradan yazmağa mən yazan oldum, Bir simli sazam mən, eh, ozan oldum, Arada – bərədə oy yozan oldum, Sayrılar ucundan saraldım, soldum, Ağla bu halıma, ağla «Kərəmi»! Nə havasan, havalısan, havalı, Gəl yıxma boynuma günah, bavalı, Hüseynə loğmansan, dərman - davalı, Məndən üz döndərib, çevirmə valı, Ağla bu halıma, ağla «Kərəmi»! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 17.02.2013-cü il |