BİLMƏMİŞƏM
Bir zamanda ayıldım ki,
Ömür keçib, bilməmişəm. Qəflət məni elə alıb, Karvan köçüb, bilməmişəm. Hara çatar ünüm, hara, Qəlbimdəki dərin yara. Necə edim dərdə çara, Zaman qaçıb, bilməmişəm. Didəmdəki yaşım mənim, Gözümdəki duman-çənim. Ağ saqqalım mənə qənim, Meydan açıb, bilməmişəm. Başa baxıb utan-arlan, Tüstülənib indi qorlan. Güvəndiyim tülək tərlan Əldən uçub, bilməmişəm. İndi alış, oda isin, Xatirələr sənin bəsin. Dövran gəlib vaxt zəmisin Yaman biçib, bilməmişəm. Əflatunam deyim belə, İllərimi verdim yelə. Qəm camını alıb ələ, Su tək içib, bilməmuşəm. |