1
Yorum
1
Beğeni
5,0
Puan
1014
Okunma
Zəhmətsiz gəlirin, havayı pulun
Olduğundan olmadığı yaxşıdı.
Çörəyə, süfrəyə dadanan dostun
Olduğundan olmadığı yaxşıdı.
Bir yana keçmirsə dediyin sözün,
Bağlanıb batarsa açdığın izin,
Ocağın yanmırsa, qızaran közün
Olduğundan olmadığı yaxşıdı.
Varını puç elər, batırar adın,
Sinənə dağ çəkər, heç olmaz dadın,
Haramdan süd əmmiş axmaq arvadın
Olduğundan olmadığı yaxşıdı.
Vaxtsız qocalarsan, bükülər belin,
Çox çətin ötüşər ayların, ilin.
Övlad ki baxmasa sözünə bilin,
Olduğundan olmadığı yaxşıdı.
Həyası yoxdursa gəlinin-qızın,
Ayağa endirər söhbətin-sözün.
Görmürsə əyrini bu iki gözün,
Olduğundan olmadığı yaxşıdı.
Əflatun, neynirsən dünyanın karın,
Qoru namusunu, sən saxla arın.
Yox yerdən gələrsə dövlətin-varın,
Olduğundan olmadığı yaxşıdı.
5.0
100% (1)