Peşman olmuşam
Peşman olmuşam
Hava sazaq, nə sazmış, Məni yanmağa yazmış, Boynumda yüküm azmış, Onu mindirməyə peşman olmuşam. “Dilqəmi” dinən dilim, “Zarıncı” zar-zar zilim, “Mixəyi” hicran milim, Onu dindirməyə peşman olmuşam. Ağlayanda ağlayaram, Dağlayanda dağlayaram, Çağlayanda çağlayaram, Onu güldürməyə peşman olmuşam. Gözəlliyi göz əlləmə, Üstünə ələm ələmə, Nə gözəldi “Gözəlləmə”, Onu gözlətməyə peşman olmuşam. Bir “Döndərmə” havası Məni məndən döndərir, Göynəməyə göndərir, Onu döndərməyə peşman olmuşam. Taleyimi alt - üst edir, Büsbütüncə büt, büst edir, Süzgəcdən süzür, süst edir, Onu süzdüyümə peşman olmuşam. Oxuma bülbül, oxuma, Gül nəfəsi qan qoxuma, “Yurd yeri” girir yuxuma, Onu sevdiyimə peşman olmuşam. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 16.01.2012-ci il |