Nə tez keçdin?
Nə tez keçdin?
Dərə, təpə, düzü keçdin, Əkdin, səpdin, dərdin, biçdin, Əyri, doğru, düzü seçdin, Ömür necə, nə tez keçdin? Qurtum-qurtum, ovuc-ovuc Bulaqların buz gözündən, Çeşmələrdən saf su içdin. Ömür necə, nə tez keçdin? Ay dolandı, il dolandı, Güllər zərif, tez solandı, Saç ağardı, göz sulandı, Ömür necə, nə tez keçdin? Şirin oldun, acı oldun, Fikir, qayəm, qayğılarmın Qaynar qazan, sacı oldun, Ömür necə, nə tez keçdin? Nəs də gördün, nəf də gördün, Zurna, saz da, dəf də gördün, Hamar, tumar, səf də gördün, Necə keçdin, nə cür keçdin? Ömür sən özün bilərsən, İstər xoşbəxtlik dilərsən, İstərsən ağlar, gülərsən, Ağlar keçdin, gülər keçdin. Hərdən həzin, şirin nəğmə, Gah bayatı, gah bal oldun, “Bay”, “bıy” oldun, lap lal oldun, Kar da keçdin, kor da keçdin. Zoğallar açar yaz fəsli, Köçdü Kərəm, köçdü Əsli, Təmsil etdin sən bir nəsli, Zor da keçdin, gor da keçdin. Yetişdi bayram axşamı, Əriyib, sönüb gedəcək Ötən ilin yanar şamı. Şad da, bad da, yad da keçdin. Gəncliyimin son gecəsi, Niyə, nə cür, nə, necəsi, Ay dilimin cüt hecası, Ömür necə, nə tez keçdin? Səngərli çəksin cəfasın, Aman ver sürsün səfasın. Onda billəm vəfalısan, Ömür nə vaxt yüzü keçdin! ~~~~~~~~~~~~~~~~~~~~~ 30.12.2011-ci il |