2
Yorum
11
Beğeni
5,0
Puan
250
Okunma
Oxuyursan, bülbül, səsində axır,
Həsrətin ahəngi, dərdin ahəngi.
Fəryadın sinəmi yandırıb yaxır,
Nədəndir bu hicran, bu qəm nədəndir?
Utanmasaydım əgər, inan ki, bülbülüm,
Mən də sənin kimi fəryad edərdim.
Dərdi-qəmlərimi axır ki, bir gün,
Bu dünya aləmə mən car edərdim.
Ötür bir an kimi ömür, ay, il, gün,
Bəs neyçün ötməyir hicran, bülbülüm?
Ölsəm də həsrətdən heç bitən deyil,
Tükəndi taqət də, qalmayıb dözüm.
Niyə həyat gedir, ömür qısalır?
Niyə gözlərimi duman-çən alır?
Yaşamaq oduyla alovlananda,
Niyə bu istəyə imkan azalır?
Niyə arzularım ürəkdə qalır?
Niyə həyatımda qüssə kök salır?
Həyata inanıb arzulayanda,
Niyə başım üstün buludlar alır?
Zamanın hökmünə baş əyə-əyə,
Dönmüşəm mənasız, cansız bir şeyə.
Qəlbimdə basdırıb arzularımı,
Bu ömrü yaşayım axı mən niyə?
Niyə ağlın qarşısında ürəyin,
Üzü həmişə qara olur?
Çünki ağıl tərtəmiz, sağlam,
Ürək isə yara-yara olur.
Nə dəli aşiqlər olub, nə də sevgilər,
Əzəldən belədir, belə də gedər.
Biri hər şeyiylə təslim olarkən,
Digəri hər zaman mənfəət güdər.
Yalanın hər üzün görməsə insan,
Ona həqiqət də görünər yalan.
Yalanı məzhəb qılan insana sərhəd qoymasan,
Gəlib həyatını eyləyər talan.
Gülümün onsuzda solan çağında,
Daha bir sevgiyə qapandı ürək.
İkiüz insanlar sol və sağımda,
Bu üzdən hey sındı, hey yandı ürək.
Amma nə olsun ki, dərsin almadı,
Bu ağılsız, bu axmaq, sərsəri ürək.
Görmədiyi pislik, hiylə qalmadı,
Buraxdı dünyama kimləri ürək.
Kimlərlə gəncliyin hədər eylədi,
Bilmədi yaxşını, yamanı ürək.
Kimlərçün sinəsin odlara gərdi,
İndi o dostların bəs hanı, ürək?
Hanı gülüşünə canın verdiyin,
O gözəl gözlü yarın bəs hanı ürək?
Hamıdan saf, təmiz, doğru bildiyin,
Sevgilin, dildarın bəs hanı ürək?
Bir zaman görüncə gözüm sevinən,
Sevdiyim simalar qəlb yaram oldu...
Halal qəbul olmuş duyğular, hislər,
Niyə hamısı mənə tək haram oldu?
Birinin sevgisi, birinin dostu,
Birinin də yaxın yoldaşı oldu.
Bəs neyçün bu yazıq qəlbi dağlının,
Ancaq dərd, kədərlər sirdaşı oldu?
Niyə gözlərindən dürüstlük yağan,
Mələk də mənimlə yalançı oldu?
Günəştək qəlbimə üfüqdən doğan,
Sevgi də içimdə bir sancı oldu...
Vicdanı unudub, rəhmi azaldıb,
İnsantək pislikdə batma gəl, fələk.
Xeyri darda qoyub şəri ucaldıb,
Mərdini namərdə satma gəl, fələk.
Rəhm elə, aç bizə kiçik bir cığır,
Bizi atəşlərə atma gəl, fələk.
Onsuzda dünyamız xarab dünyadır,
Barı sən işləri qatma gəl, fələk.
Olan qalanı da alıb sən daha,
Bizi uşaqtək aldatma gəl, fələk.
Bir ümid ver barı gələn sabaha,
Dünyamızı bir də yenə qaraltma gəl, fələk.
Elə hey qırılıb sınsa da ürək,
Davrandım hər zaman xoş insanlara,
Xərclədim ömrümü son anınadək,
Vəfasız, saxtakar, boş insanlara.
İnsanların gördüm artıq hər üzün,
Bir də heç birinə bel bağlamayacam.
Olacaqmı mənim bir doğum günüm,
Tənhalıq üzündən ağlamayacam?
Nə dostlar gördüm, məni darda qoydular,
Bir quruş paraya, pula satdılar.
Ömrümü yağışda, qarda qoydular,
Saxta günəş kimi doğub batdılar.
Ölginən öl, ürək, buna layiqsən,
Gör məni nə günə, nə hala saldın...
Özün də bilmirsən kimə aidsən,
Bir qürurum vardı, onu da aldın.
Hansı məzhəbdənsən, hansı dindənsən?
Necə yola gəlim, barışım sənlə?
Axı anlayırsan hansı dildə sən?
De bilim, o dildə danışım sənlə.
Necə izah edim, çatdırım sənə,
Ki məni sürüyüb yıxmısan artıq.
Biraz insafa gəl, rəhm eylə mənə,
Ölürəm, axrıma çıxmısan artıq.
Gəl tök ətəyindən bu sevgi daşın,
De nə verdi sənə dərddən savayı?
Birazcıq susginən, dincəlsin başım,
Nəsən sən bir parça ətdən savayı?
De nə istəyirsən məndən sən axı,
Nə vermisən indi ala bilmirsən?
Bu canı, bu ruhu rahat buraxıb,
Niyə əvvəlkitək ola bilmirsən?
O qədər bezmişəm əlindən inan,
İmkan olsa, səni pulsuz satardım.
Heç uf da deməzdim, gözüm qırpmadan,
Özüm öz əlimlə söküb atardım.
Sən ürək olmadın, bir bəla oldun,
Başıma açmadığın oyun qalmadı.
Sayəndə min dərdə mübtəla oldum,
Sən bir dərdimə də dərman olmadın.
O qapıdan ki, məni buraxmayassan,
Onu sən üzümə açma, Yaradan.
Ömrümə girdikdən sonra bu qədər yalan,
Gec artıq, məndən çətin olar düz insan.
Gedənin ardından hey ağladım mən,
Özüm öz qəlbimə yalan söylədim.
O hər gecə birinə yar olar ikən,
Mən burda özümə qiyam eylədim.
Hər kəs dünya qurdu sevgi adında,
Mənimsə həyatım sevgisiz soldu.
Qalmadım heç kəsin heyif yadında,
Mən də unutmağa, bax,məcbur oldum.
Baharın eşqiylə qönçə gül kimi,
Açan arzularım boş nakam qalıb.
Ruhum tək eyləyib öz can evini,
Yuvasız quşlartək laməkan qalıb.
Hərkəs içindəki hirsi, qəhəri,
Dünyaya bağırdı, mən isə uddum.
Hər bağda açıldı arzu gülləri,
Mənsə arzuları bir-bir unutdum.
Nə gedəcək yer var, nə də dönəcək,
Qalacaq yuva da qura bilmədim.
Yaxında o çıraqsız işıq da sönəcək,
Heç yerdə kök salıb, dura bilmədim.
Bu nankör, ikiüz və haramzada,
İnsanlara səbrin bir çatar sənin.
Nə üzlər görmüşəm mən bu dünyada,
Mən deyim, sən də yaz,sadiq qələmim.
“Hər an yanındayam” deyib yalandan,
Çiynimə yapışan əllər çox olub.
Dara düşən kimi birazca inan,
O əllər hamısı bir-bir yox olub.
Mən bir rotasız komandanam,
Bir gəmisiz kapitanam,
Qəlbi yanıb kül olmuş,
Ruhu uçmuş bir canam.
İçimdə bir acı var,
Daşa desəm, daş da ağlar.
Qəlbimdəki sancılar,
Qəlbimi hər gün dağlar.
Bu həyatdır, gözəlim, hər üzünü görməlisən,
Qatlanıb əzablara, səbr edərək dözməlisən.
Həyatın qolazladığı bütün dərd və tələləri,
Kimsəyə güvənmədən təkbaşına çözməlisən.
Dözmək üçün gəlmədiysən bu dünyaya, sən ey gülüm,
Ürəyin ilk fırtınada sovrulub həyata baş əyəcək.
Döyülməkdən qabar bağlamasa qəlbində dözüm,
Hər atdığın addımda ayağına yüz daş dəyəcək.
5.0
100% (5)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.