EY DOST
Könlüm bir gülşən bağıdı, mehmanım ol sən ey dost,
Namərd ilə aram olmaz, heç olmaram tən ey dost. Mərd yolunda işıq ollam, yanaram bir şam kimi, Müxənnətə çox qatıyam, sanki duman-çən, ey dost. Düşünmə ki hər yetənə sir verəm, aldanam mən, Öz kölgəmdən xövf eləyib, komada daldanam mən. Olmaz nanəcib yanında qeyrətlini danam mən, Sözlərimi şax deyərəm, çəkinmərəm mən ey dost. Əflatunam, gözüm yoxdu nə dövlətə, nə vara, Əyyub kimi səbrim boldu, nə qədər alsam yara. Yaqub misal haqq araram gedər olsam mən hara, Olsa da bu iki gözüm həsrətdən dən-dən ey dost. |