Qəbir
Elə qorxunc, elə kabus, elə vəhşətdi qəbir,
Öləcəksən görəcəksən necə dəhşətdi qəbir. - Məni qorxutma amandır bədənim tir – tir əsir. - Hə balam hə, nə edək? hər kəsə qismətdi qəbir. - Yenə qoydun gopu qaznan dəmə ay molla əmi? - Yox balam yox, sənə qurban, qara zülmətdi qəbir. Sıxacaq cismini var güc ilə qüvvətdi qəbir, Verəcək ağrını möhkəm cana zillətdi qəbir. - Neçə atmasfer olar? Lap marağım artdı mənim. - Boy balam boy, məzə çırtlatma həqiqətdi qəbir. - Axı ruh yox, cana bir ağrı nə cür təsir edər? - Ay balam ay, bu müəmmalıdı, hikmətdi qəbir. İki aləm arası, varlığı qürbətdi qəbir, İztirab çəkməyə hicran evi, firqətdi qəbir. - Toz olub torpağa cismin qarışır, yoxdu əzab. - Vay balam vay, nə dedin? tövbə qiyamətdi qəbir. - O qiyamət dediyin məhşərə Allah sözüdür. - Ah balam ah, xəbərün yoxdu ki ayətdi qəbir. “Biz əzabdan ikisin daddırarıq” ayədi bu*. Biri məhşərdə olandır, biri ibrətdi qəbir. - Yenə kəsdin oxudun ayəni, artıq nə deyim? - De balam de, bizə bir mövzudu ülfətdi qəbir. - Sonu var ayəmizin, haqq yola dönməklə bitir. - Of balam of, məni alsın o fəlakətdi qəbir. Kafirin halına vay oldu, zəlalətdi qəbir. Xoş o möminlərə ki onlara cənnətdi qəbir. - Pis adamdırsa ölən, məhşərəcən ruh sıxılır, Qəti uydurma nağıl cismə xəsarətdi qəbir. Və ölən yaxşı adamdırsa əgər ruh sevinir, Demə, cənnətdi qəbir, möminə ləzzətdi qəbir. Ay hərarətdi qəbir, Vay xəcalətdi qəbir, Yox rəzalətdi qəbir. Kimə qismətdi qəbir, Ona rahətdi qəbir. Müəllif: Anar Əhəd ------------------------- *Səcdə surəsi ayə 21 |