YENƏ O QUMLU SAHİL...
Yenə o qumlu sahil, yenə həmin qayalıq,
Əynində həmin paltar,başında mavi yaylıq. Külək əsir astadan, yelləyir o telləri, Ürəyimdən keçir ki, o zərif, ağ əlləri Əvvəlki tək sıxaydım köksümə yavaş-yavaş, Şahid olaydı bizə yenə qaya, yenə daş. Yenə birgə vuraydı odlu ürəklərimiz, Yenə eyni olaydı arzu, diləklərimiz. Çəkiləydik gizlicə qayalar kölgəsinə, Səsimiz qarışaydı göy dənizin səsinə. Qum üstündə qalaydı qoşa, cüt ləpirimiz, Şahid olaydı bizə o dalğalar, o dəniz. Sıxaydım dodağımı odlu dodaqlarına, Söykəyəydim üzümü o gül yanaqlarına. Qucaydım ehtirasla bir də incə belini, Duyaydım sifətimdə xoş ətirli telini. İsladaydı üstümü yenə xırçın ləpələr, Şahid olaydı bizə sahil boyu təpələr. Oxşayaydı qəlbimi şirin kəlmələriylə, Dağıdaydı üzümə saçımı əlləriylə. Baş qoyub dizi üstə bir anlığa yataydım, İntizarı unudub hər arzuma çataydım. Sahildə qalmayaydı heç kəs bizdən savayı, Şahid olaydı bizə göydə süzən qağayı. ...Ürəyim çırpınırkən xəyallar arasında, Bir növcavan daydandı o qızın qarşısında. Tutub əlindən onun öz yanınca apardı, Elə bil ürəyimin bir hissəsin qopardı. O gündən etibarən rastlaşmadıq bir də biz, Şahid olmadı bizə nə dalğalar, nə dəniz. Gözümün qarşısından getmir o gül bənizi, Elə bil ki özüylə apardı o dənizi. Elə bil ki boşaldı dünya da bir anlığa, İşıqlı kainat da çevrildi qaranlığa. Sandım qalmayıb heç kəs nakam məndən savayı, Şahid olmadı bizə göydə süzən qağayı. Qulağımdan getməyir onun mehriban səsi, Sifətimi yandırır, sanki, odlu nəfəsi. O sevdalı günləri yenə bir-bir anıram, O sevginin oduna alışıram, yanıram. Ürəyimin atəşin söndürməyir ləpələr, Şahid olmadı bizə sahilboyu təpələr. İndi o anlar mənə görünür röya kimi, O gözəlin vüsalı şirin bir xülya kimi. Qalsam da qəlbən yenə sadiq həmin sevgiyə, Bilirəm, dönməyəcək bir daha o geriyə. Dönük taleyimlə mən barışdım yavaş-yavaş, Şahid olmadı bizə nə o qaya, nə o daş. |
Xoşbetx oldum oxuyanda
Qelemin heç susmasın
_______________________________________________Saygılar selamlar