2
Yorum
4
Beğeni
5,0
Puan
1284
Okunma
Baxa bilmirəm
Gözəlim, gözünə baxa bilmirəm,
Axan yaş sənindi, yanansa mənəm.
Eşq olub qəlbinə axa bilmirəm,
Yaxşı sən olanda, yamansa mənəm.
Bürüyüb hər yanı çiskin, çən, sənəm,
Sən küssən də, sanma səndən küsənəm,
Özgəsin yox, öz canımı üzənəm,
Durna sən olanda, dumansa mənəm.
Yeriş, duruş, baxış həmən, baş həmən,
Kiprik həmən, göz həməndi, qaş həmən,
Gülüş həmən, göz-qaş həmən, kaş həmən,
Şübhə sən olanda, gümansa mənəm.
Zalım fələk ömür biçsə, bir il də,
Ölümümə məkan qala bir mil də,
Yüz il keçsə, a dilbərim, bu dildə
Urvat sən olanda, umansa mənəm.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.01.2013-cü il
5.0
100% (4)