Sevəcəyəm
Sevəcəyəm
Gözlərinin alasını, Saçlarının qarasını, Yar qəlbinin yarasını, Yana - yana sevəcəyəm. Ona vurğun olduğumu, Bulud kimi dolduğumu Heyva kimi solduğumu, Dana-dana sevəcəyəm. Yoxuş yollar yorduğumu, Ot yoldurub, yolduğumu, Sənsiz sənlə olduğumu Qana - qana sevəcəyəm. Dünya heç-puç, boşdu mənə, Qayğıları qoşdu mənə, Ağrısı da xoşdu mənə, Xana – xana sevəcəyəm. Sən saydığın sana, sana, Eşqim safdı, yoxla, sına, İstərsən qır, istər qına, Ana – ana sevəcəyəm. Bu sevgimi qınamayın, Qol – budağın budamayın, Daşlı yolda sınamayın, Sına – sına sevəcəyəm. Hayıma hay verən hana? Bir can borcum var cahana, Cəllad kimi can alana, Cürə - cürə sevəcəyəm. Vərdişini, vəfasını, Çəkə - çəkə cəfasını, Bu sevginin səfasını Sürə - sürə sevəcəyəm. Hirs, hikkəsi pissə, hissə, Hicran söksə hissə - hissə, İqbalım inciyib, küssə, Sevməsə də sevəcəyəm. Hüseyn uymaz şöhrət, şana, Xəyallar əfsanə, guya, Günahları yuya – yuya, Uya, duya sevəcəyəm. ~~~~~~~~~~~~~~~~~~~ 07.08.2012 |