Quranı var
Quranı var
Bu dünyanın tüğyan edən çovğunu var, boranı var, O dünyanın haqq - hesabı, sorğu - sual, soranı var, Küllü - aləm kainatın yaradanı, quranı var, Tam mənada çox mükəmməl, tək müqəddəs Quranı var. Bu dünyanın yaşa, yarat, tik, həm ucalt, qur anı var, Bu dünyanın tarmar elə, dağıt, tala, qır anı var, Bu dünyanın qaçdı – qovu, as – kəs, həmi vur anı var, Bu dünyanın sükanını sağa – sola buranı var. Özbaşına yaranmamış ümman sular, dərya, dəniz, Kimi ağa, kimi quldu, kimi nökər, kimi kəniz, Biri qara, biri sarı, ağ dərili, kim ağbəniz, Bu bəşəri xəlq eləyən, arxasında duranı var. Ey Hüseyin, bələkdəkən bəşər oğlu, bəşəriyyət, Kimi yaxşı, kimi yaman, hər birində özəl niyyət, Para deyil, pul deyil ki, sələm ola səmimiyyət, Bu dünyanın zülüm, zülmət, illət, zillət, nur anı var. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 05.07.2012-ci il |