A Gözəldağı
A Gözəldağı
Görsənə, əriyib gözümün yağı, Gedibdi qarası, qalıbdı ağı, Həsrətin sinəmə çəkilən dağı Gözəlcə göynədir, a Gözəldağı. Əl çatmır ənginə, lələdi Ləlvər, Uludan uludu, o, uca Ləlvər, Nə olar quruca bir quca Ləlvər, Keçəndə cənginə, a Gözəldağı. Ömür ötüb, nə son, orta, nə yarı, Yaxındı bir addım məzara sarı, Gözümdə heç-puçdu dünyanın varı, Vallah varidatı, a Gözəldağı. Çar-naçara çəmən, çənsiz nə çarə? Binələrsiz bikef gəzər biçarə. Mən bimara qılsan sən də bir çarə, Dünya dağılmaz ki, a Gözəldağı. Səfalı, şəfalı, sərin havalı, Sağalmaz dərdlərə dərman-davalı, Səngərli boylanar Səngərə sarı, Sarsılar dağlarsız, a Gözəldağı. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 12.12.2011-ci il |