Vicdanın vizası
Vicdanın vizası
Fələyin fitnə - fəsadı, Fəryadı var, fəzası var. Əzabları dəf etməyə Əzəl gündən insan əqli, Əl – ayağı, əzası var. Bu dünyanın öz qəzası, Yara vuran söz qəzası, Cəhənnəmin cəzası var. Rəbbin də tükənməz rəhmi, Ruzisi var, rizası var. Kələk gələr bu dünyada Bic bicə də, gic gicə də, Riyakarlar vicvicədə. Könüllərdən könüllərə Vicdanın da vizası var. Qada - bala baxmaz yaşa, Başım dəyib daşdan - daşa, Hay-harayam başdan-başa. Hiylələrdən hifz eləyən Xudam xeyir - duası var. Sürünənin, həm süzənin, Tikən, quran, iş düzənin, Nəfəs alan cəm varlığın, Bu cahanda hər canlının Öz yemi, öz qidası var. Kimə ağrı, kimə ağı, Çəkdirər çəkilməz dağı. Başı quru, yaş ayağı, Soldurar sağlam sayağı. Yaşamağın yasağı var. Özbaşına kimdi gələn? Özbaşına kimdi gedən? Gəlişin xoş səs – sədası, Əbədilik gedişin də Göz göynədən vidası var. Hər cümlənin baş – ayağı, Ya baş olar, ya bayağı. Sözlərin söykək, dayağı Vergül, nöqtə, qoşa nöqtə, Ay Səngərli, nidası var. ~~~~~~~~~~~~~~~~~~~~ 07.11.2011-ci il |