Nə üçün yazıram?
Nə üçün yazıram?
“Yorum” üçün yazmıram, Zorum üçün yazmıram, Gorum üçün yazmıram, Yazıram aram – aram. Ay oxucu, oxu gəl, Kəlmələri qoxu, gəl, İş tərsməstəb, lap əngəl, Mən yanmasam yazmaram. Yandırır zaman məni, Qandırır zaman məni, Zarıdır zaman məni, Hərzə - mərzə qanmaram. Dünya dəli, mən dəli, Dəyərlidi səndəli1, Yırtılıbdı sandalı2, Sancının gəlir dalı. Bic dünya, həqiqəti İçimdə necə boğum? Sancıdan sonra doğum, Saçma saman yazmaram. Dünya fahişə dünya, Baxmır xahişə dünya, Əgər dahisə dünya, Əlləm–qallam yazmaram. İlan girib qoynuna, Xalta salıb boynuna, Mat qalmışam oynuna, Ordan-burdan yazmaram. ~~~~~~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.Səndəl – səndəl ağacı; 2.Sandal – ayaqqabı növü. |